Laçının mərkəzinin təhvil zamanı... - bir videonun özü ilə gətirdiyi gerçəklik

Laçının mərkəzinin təhvil zamanı... - bir videonun özü ilə gətirdiyi gerçəklik

Bu günlərdə Laçın şəhərinin mərkəzindən paylaşılan video Azərbaycan cəmiyyətində böyük həyəcan doğurdu. Buna reaksiyalar birmənalı idi: insanlarımız Laçının rayon mərkəzinin hələ də sülhməramlıların nəzarətində olması ilə barışmır, bunu heç cür qəbullana bilmir.

Ermənilər isə deyirlər ki, baş nazir Nikol Paşinyan iyulun 1-də Laçını Azərbaycana təhvil verməyi planlaşdırır. Əslində burada yenilik yoxdur. Çəkiləcək alternativ yol bunu şərtləndirir. 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları məlum razılaşmaya görə, Laçın dəhlizinə alternativ olan yol 3 il ərzində yekunlaşmalı idi. Alternativ dəhlizin keçdiyi Laçın şəhərinin mərkəzi də Azərbaycanın nəzarətinə qayıtmalı idi. Azərbaycan dövləti bu məsələni ilyarıma yekunlaşdırmağı hədəfləyib...



Elşən Musayev: "Yaxın müddətdə xoş xəbərlər eşidəcəyik”

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev çox ümidli danışdı: "Laçın bizim üçün əziz məkandır, Laçın Qarabağın ən gözəl güşələrindəndir və heç şübhəsiz ki, rayon mərkəzinin də sülhməramlıların deyil, tamamən Azərbaycanın nəzarətində olacağı gün uzaqda deyil. Zatən gedişatla bağlı çox ciddi bir hərəkətlilik var və əsas da bu səbəbə görə düşünürəm ki, hər birimizin arzusu tezliklə reallaşacaq. 2020-ci ilin 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladıqları məlum razılaşmaya görə də Laçın dəhlizinə alternativ yolun çəkilişi üçün 3 illik müddət qoyulub. Amma nəzərə alın ki, bu müddət maksimum müddətdir, ən son limitdir. Yəni müddətin qısalması mümkündür və tam realdır. Elə proses, danışıqlar da həmin istiqamətdə gedir. Azərbaycan hakimiyyəti əlindən gələni edir ki, razılaşmadakı bənd - hansı ki, Laçın rayonunun mərkəzinə girişimizi təmin edəcək - 3 ilin tamamına qalmasın, tez həyata keçsin. Biz həqiqətən o günü böyük səbrsizlikllə gözləyirik.

Amma ermənilər elə danışırlar, özlərini elə aparırlar ki, sanki Laçının mərkəzi bunlarda qalmalı imiş, amma indi qalmır. Xeyr! Laçın Azərbaycanın əzəli torpağıdır və rayonun mərkəzi də, ətrafı da, kəndləri də, dəhlizi də daxil bütöv şəkildə Azərbaycanındır. Sadəcə, alternativ dəhlizlə əlaqədar məsələ bir qədər müddət tələb etdi. Vəssalam. Yəni ortada başqa sual, başqa problem, başqa müzakirə olunası predmet yoxdur.

Ümid edirəm ki, lap yaxın müddətdə xoş xəbərlər eşidəcəyik və Şuşaya, Ağdama, Zəngilana etdiyimiz səfərlərin eynisini əziz Laçınımızın rayon mərkəzinə də edəcəyik".



Azər Badamov: "Üçtərəfli bəyanatda xalqımızın maraqları tam şəkildə öz əksini tapıb”

YAP-çı Azər Badamov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, üçtərəfli bəyanatın müəyyən bəndləri mərhələli şəkildə icra olunur: "10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda xalqımızın maraqları tam şəkildə öz əksini tapıb. Bu, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsini döyüş meydanından siyasi müstəviyə keçirilməsi idi. Təbii ki, Ermənistan məğlub tərəf olaraq bütün tələblərimizi qəbul edib. Məhz 10 noyabrdan sonra üç rayonumuzu bir güllə atmadan azad etməyimiz bunun göstəricisidir. Üçtərəfli bəyanatın müəyyən bəndləri mərhələli şəkildə icra olunur. Bəyanatın 6-cı bəndində qeyd olunur ki,  Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə, Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Qarabağ erməniləri ilə Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

Bəyanatın bu bəndinə görə üç il ərzində sülhməramlılar Laçın şəhərinin ərazisindən çıxarılaraq alternativ yolda yerləşəcəklər.  Alternativ yolu Azərbaycan çəkib başa çatırmaq üzrədir. Ona görə də Laçın şəhərində işğal dövründə süni şəkildə məskunlaşdırılmış ermənilər oradan çıxarılacaqları ilə bağlı  təşviş içindədirlər. Bugünlərdə Laçın şəhərini mərkəzindən çəkilən videoda həyəcan doğuracaq məqamlara bir əsas olmadığını hesab edirəm. Çünki Laçın dəhlizinə alternativ yol çəkilib başa çatdırılan kimi sülhməramlılar o əraziyə yerini dəyişəcək və Laçın şəhəri tam şəkildə nəzarətimizə keçəcək. Laçında məskunlaşmış ermənilər də sülhməramlıların yerdəyişməsi ilə paralel olaraq rədd olub gedəcəklər. Hər bir işin görülməsinin zamanı var. Xalqımız  bu məsələlərə, sadəcə, səbirlə yanaşmalıdır".



Akif Nağı: "Gücümüzü düşmənə və onun arxasında dayananlara göstərdik, indi yerdə qalan məsələləri siyasətlə həll etməliyik”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı alternativ yolun istifadəyə verilməsindən çox şeyin asılı olduğunu söylədi: "Bu kadrlar hər kəsə təsir etdi, bu qədər yaxın və doğma, amma hələ də əlimiz istədiyimiz kimi çatmır. Buradan emosiyasız ötüşmək mümkün deyil. Haqlı suallar ortaya çıxır: niyə bu qədər gözləməliyik, niyə orada kimlərsə ağalıq etməli, biz kənardan baxmalıyıq? Amma bir reallıq da var, onunla hesablaşmaq zorundayıq. Rusiyanın niyyətlərini bilirik, həmin ərazilərdə mümkün qədər çox qalmağa çalışırlar. Azərbaycan isə bu məsələnin həllinə maksimum səy göstərir. Laçın dəhlizinə alternatıv yolun daha tez istifadəyə verilməsinə çalışır. Azərbaycanın bu ”tələskənliyi" Rusiyanın və ermənilərin planına daxil deyil, amma bizimkilər də işlərindən qalmırlar. Alternativ yolun istifadəyə verilməsi Laçın şəhərinin bizim nəzarətimizə keçməsini sürətləndirəcək. Əlbəttə, biz proseslərin daha tez getməsini istəyirik, amma bəzi nüansları da nəzərə almalıyıq. Gücümüzü düşmənə və onun arxasında dayananlara göstərdik, indi yerdə qalan məsələləri siyasətlə həll etməliyik. Siyasət isə "mümkün olanı həyata keçirmək sənətidir”. Bu məşhur kəlamı nəzərimizdə saxlayaq, amma gec faktorunu da yaddan çıxarmayaq".

Xəbər 557 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR