İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturu mərhələli şəkildə bərpa olunur. Bu istiqamətdə Böyük Qayıdış proqramı çərçivəsində genişmiqyaslı layihələr icra edilir. Layihələrin əsas məqsədi bölgələrdə müasir standartlara cavab verən təhsil müəssisələrinin yaradılması və tədris prosesinin fasiləsiz təmin olunmasıdır.
Aktual.az-ın məlumatına görə, belə təhsil müəssisələrindən biri də Laçın şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbidir. Məktəbin direktor vəzifəsini icra edən Şəbnəm Uğurlu deyib ki, təhsil müəssisəsi 2022-ci ildən fəaliyyət göstərir. 510 şagird yerlik məktəbdə hazırda 173 şagird təhsil alır. Tədris prosesinə 19 müəllim cəlb olunub.
Məktəb binası müasir tədris infrastrukturu ilə təchiz edilib. Təhsil müəssisəsində 9-u 24 yerlik, 5-i 18 yerlik, 4-ü 12 yerlik sinif otağı, informatika və texnologiya kabinetləri, 3 laboratoriya, məktəbəhazırlıq otağı, eləcə də hərbi hazırlıq kabineti fəaliyyət göstərir.
Bildirilib ki, yaradılan şərait şagirdlərin doğma yurdlarında keyfiyyətli təhsil almasına, bilik və bacarıqlarının inkişafına geniş imkanlar yaradır. İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası bölgədə sosial həyatın canlanmasına və əhalinin daimi məskunlaşmasına mühüm töhfə verir.
Xəbər 47 dəfə oxunub.