Kütləvi dava vaxtı adam öldürən "Lion" kafesinin mühafizəçisi apellyasiya şikayəti verib - (EKSKLÜZİV FOTO)

Kütləvi dava vaxtı adam öldürən

Bakı Apellyasiya Məhkəməsində Cəlilabad rayon sakini Elməddin Ağayevin CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 180.2.4 (soyğunçuluq, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə), 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), 228.4 (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq keçmə) maddəlləri ilə məhkəmə prosesi başlayıb.

Aktual.az xəbər verir ki, cinayət işinin başlanmasına 2015-сi il sentyabrın 19-u gecə saat 1 radələrində Xətai rayonu, K.Kərimov küçəsindəki "Lion” kafesinin yaxınlığında baş vermiş kütləvi dava nəticəsində bir nəfərin ölməsi və iki nəfərin yaralanması faktı ilə əlaqədar toplanmış materiallar əsas olub. İlkin məlumata görə, Сəlilabad rayonun Göytəpə şəhərində qeydiyyatda olan Elməddin Ağayevlə Əmrah Qarayev arasında mübahisə yaranıb, sonuncunun atası Əllədin Qarayev müdaxilə edərkən Ağayev əlindəki xəncərlə xəsarətlər yetirərək, onu qətlə yetirib, həmçinin mübahisəni sakitləşdirməyə çalışan Asəf Aslanovu çiyin nahiyəsindən yaralayıb. Bununla yanaşı Elməddin Ağayevin tanışı Bəxtiyar Babayev Əmrah Qarayevin boyun nahiyəsinə xəsarət yetirib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, 1966-cı il təv. Ələddin Qarayevın ölümünə sağ ağ ciyərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub.

Xətai RPİ və rayon prokurorluğu  əməkdaşları dərhal qabaqlayıcı tədbirlər görmədiklərindən şübhəli şəxslər istintaqdan yayınmağa müvəffəq olublar. Elməddin Ağayev və  Bəxtiyar Babayev qaçıb gizləndiklərinə görə onlara ittiham elan etmək mümkün olmayıb, bu səbəbdən də barələrində axtarış elan edilib. Araşdırma zamanı məlum olub ki, sentyabrın 19-da Elməddin Ağayev dostu Kərəm Əliyevlə İran İslam Respublikasında tutulub. Dövlət sərhədini qanunsuz keçdiklərinə görə yerli məhkəmənin qərarı ilə onlara  3 ay müddətinə cəza təyin edilib. Həbs müddətləri qurtarandan sonra, dekabrın 19-da İran tərəfi onları polis əməkdaşlarına təhvil verib. Dekabrın 12-də Xətai rn 37-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəxtiyar Babayevi tutaraq, istintaqa təqdim ediblər.

İstintaqla müəyyən edilib ki, Elməddin Ağayev Xətai rayon Məhkəməsinin 2013-cü il tarixli hökmü əsasında CM-in 221-ci (xuliqanlıq) maddəsi ilə 1 il 11 ay müddətinə islah işləri cəzasına məhkum olunmasına baxmayaraq soyğunçuluq törədib. 2015-ci il sentyabrın 18-də əvvəldən tanıdığı Gündüz Qarayevin qeyri-rəsmi olaraq mühafizəçi işlədiyi "Lion” kafesininə gəlib, onu çölə çağırıb. Sonuncunun ona hər hansı bir məbləğdə borcu olmadığı halda, guya 200 manat borcunun olmasını iddia edib və həmin məbləği qaytarmasını tələb edib. Gündüz  borc olmamasını bildirdikdə, Elməddin sillə vurub, onun cibindən 70 manat pulunu və üzərindəki iki ədəd mobil telefonları götürüb. Bundan sonra, saat 23:40-da əsaslı səbəb olmadan sözügedən kafenin yaxınlığında saxladığı "Kia Optima” markalı avtomobilindən dəyənək və zavod üsulu ilə hazırlanmış suvenir xəncər götürən Elməddin Ağayev Əmrah Qarayevin yaşadığı evin qarşısına gəlib. Küçədə digər vətəndaşların da olmasına əhəmiyyət verməyən Ağayev Qarayevin ünvanına nalayiq ifadələr işlədərək, üstünə hücum çəkib. Əmrahın atası Ələddin Qarayev müdaxilə edərək dəyənəki ondan aldığından, xəncər isə əlindən düşdüyündən ordan qaçıb, uzaqlaşıb. 

Qərəzli xuliqanlıq hərəkətlərini başa çatdırmaq niyyətindən əl çəkməyən Elməddin avtomobilindən bıçaq götürüb, 10 dəqiqədən sonra təkrar Kərimov küçəsindəki 8 saylı evin yanına gələrək Əmrah Qarayevin ailəsinin ünvanına uca səslə söyüşlər söyüb. Əmrahın tanışları Asəf Aslanov və İbrahim Nəsirov ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədi ilə yaxınlaşıb, onu nizam-intizama dəvət etsələrdə, Elməddin xahişlərinə məhəl qoymayaraq, soyuq silahla Asəfə bir zərbə endirib. Digər şəxsi bıçağın qulpunun yanı ilə vurmaq istədikdə, Nəsirov zərbədən yayınaraq, ordan qaçıb. Əmrah Qarayevin gözü qarşısında atası Ələddin Qarayevə xəsarətlər yetirən Elməddin Ağayev qəsdən onu həyatdan məhrum edib.

Məhkəmə prosesində Elməddin Ağayev ittihamlar üzrə özünü təqsirli bilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elməddin Ağayev 19, Kərəm Əliyev isə 1 il müddətinə azadlıqdan məhrum olunublar.

Hökmdən E.Ağayev apellyasiya şikayəti verib. 

Məhkəmənin qərarı haqda məlumat veriləcək.
 
Aktual.az

































Xəbər 1739 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR