“Havanın temperaturu yüksələcək”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi qeyri-sabit hava şəraitinin mülayimləşəcəyi vaxtı açıqlayıb.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, aprelin 21-də gecə saatlarından başlayaraq paytaxt və yarımadada cənib-qərb küləyi güclü şimal-qərb küləyi ilə əvəzlənib.
O bildirib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə aşağı enib:
“Bu gün gecə saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraiti mülayimləşməyə başlayacaq. Güclü şimal-qərb küləyi sabahdan mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu 2-3 dərəcə yüksələcək. Bəzi bölgələrdə də hava şəraiti qeyri-sabit keçib. Aprelin 23-dən ölkə ərazisində hava şəraiti mülayimləşəcək”.
Qeyd edək ki, dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti havanın kəskin soyuyacağı ilə bağlı xəbərdarlıq etmişdir.