Aktual.az-ın məlumatına görə, atv.az yazır ki, ailədə körpənin dünyaya gəlməsi təkcə valideynlər üçün deyil, həm də böyük bacı-qardaşlar üçün mühüm hadisədir. Çoxdan məlumdur ki, ailədə bir neçə uşağın olması onların xudbin böyüməsi ehtimalını azaldır. Lakin kiçik uşaqların böyük uşaqlara təsiri təkcə bununla bitmir. Körpələr həm də öz bacı-qardaşlarının fiziki sağlamlığının möhkəmlənməsinə yardımçı olurlar. Bu, Miçiqan ştatından olan amerikalı alimlərin yeni kəşfidir.
Amerikalı tədqiqatçılar bir neçə il məktəbəqədər yaşda olan 697 uşaq üzərində müşahidə aparıblar. Ailədəki övladların sayından asılı olaraq uşaqlar bir neçə qrupa bölünüb. Bölgü zamanı onların öz bacı qardaşlarına münasibətdə böyük, ya da kiçik olması da nəzərə alınıb. Tədqiqatçılar müəyyən ediblər ki, birinci sinfə gedənə qədər ailəsində kiçik bacı, yaxud qardaşı dünyaya gələn uşaqlarda 6 yaşınadək piylənmənin inkişafı riski ailələrinin yeganə övladı olan azyaşlılarla müqayisədə 3 dəfə azdır. 2 və 4 yaş intervalında kiçik bacısı, yaxud qardaşı doğulan uşaqlarda bu effekt daha güclüdür.