Xəbər verildiyi kimi, dekabrın 21-də saat 23.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Zeytə” restoranında Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs qəsəbə sakinləri Ədalət Həsənov, oğlu Orxan, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev “Vinçestr” markalı tüfəngdən atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarəti yetirib hadisə yerini tərk ediblər.
Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.1 (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilən tədbirlər nəticəsində hadisənin əsas iştirakçısı Məhərrəm Əliyev tutulub.
Məhərrəm Əliyev Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyevin oğludur. F. Əliyev məlum hadisə ilə bağlı tutduğu vəzifədən azad edilib.
Qaynar.info-nun araşdırmasına görə, F. Əliyev övladının xoşagəlməz əməllərinin qurbanı olan ilk vəzifəli şəxs deyil. Belə ki, sərxoş vəziyyətdə qəza törədən və xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsinin ölümünə səbəb olan Xalid Mədətovun bu hərəkətinə görə onun atası - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Mübariz Mədətov vəzifəsindən azad edilib.
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov isə oğlu Vüqar Ələkbərovun güdazına gedib. Belə ki, V. Ələkbərobla İsmayıllı sakinləri arasında 2013-cü ilin yanvarında yaranan yaranan insident sonrada rayonda böyük etirazlara səbəb oldu. Bu zaman nazirin oğluna məxsus “Çıraq” oteli və onun bir neçə bahal avtomobili yandırıldı.
Qeyd edək ki, bu hadisələrdən sonra Füzuli Ələkbərovun həmin rayonun icra başçısı olan qardaşı da tutduğu vəzifədən kənarlaşdırılmışdı.
Bakı şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin keçmiş rəisi Ramiz Nəbiyevin işsiz qalmasınını səbəbi də onun oğlunun “şıltaqlıqları” olub. Belə ki, övladının – 26 yaşlı Elvin Nəbizadənin sosial şəbəkədə ailəsinin dəbdəbəli həyatını əks etdirən fotoları nümayiş etdirməsi R. Nəbiyevin görəvinə son verilməsi ilə nəticələnib.
Elvin Nəbizadənin paylaşdığı fotolarda onların kalan pullarının və müxtəlif bahalı avtomobillərinin olduğu görünürdü.
Həmin vaxt bildirilirdi ki,1988-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan Elvin Nəbizadənin fotosunu paylaşdığı “Volkswagen” və Rusiya istehsalı olan “Niva” markalı avtomobillər onun özünə məxsus olub. Digər “Jeep” markalı bahalı avtomobil atası Ramiz Nəbiyevə, “Lexus” markalı avtomobil isə böyük qardaşına aid imiş.
Bundan başqa, prokuror oğlu yaşadıqları lüks evin fotosunu da sosial şəbəkədə yayıb.
Mətbuatın məsələyə ayırdığı diqqət və fotoların yaratdığı mictimai ajiotaj sonda Ramiz Nəbiyevin vəzifəsinə son qoyulması ilə yekunlaşıb.
2014-cü ildə Zığ şossesində avtoxuliqanlıq edən polis əməkdaşı Tural Həsənova görə də onun atası, Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov cəzalandırıldı – o, vəzifəsindən uzaqlaşdırıldı.
Həmin vaxt KİV yazırdı ki, onun oğlu Zığ şossesində dostu ilə avtomobillə sürətlə yarışa çıxaraq dəfələrlə qəza vəziyyəti və bakılıların həyatı üçün real təhlükə yaradıb. Bundan sonra Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə T. Həsənovun özü də polis orqanlarından aric olunub.
Tərtər rayon icra başcısını keçmiş birinci müavini Vidadi Bəylərov də övladının güdazına gedən məmurlardan biridir. Belə ki, 2013-cü ildə V. Bəylərovun yeniyetmə oğlu Elxan Bəylərlinin törətdiyi avtomobil qəzası bir nəfərin ölümünə səbəb olub.
Bundan sonra Vidadi Bəylərov tutduğu vəzifədən azad olunub.
KİV-in yazdığına görə onun oğlu başqa bir gənclə "qonkaya" çıxıb və "rəqib"ini sıxışdıraraq, yoldan çıxmağa məcbur edib.
Nəticədə isə həmin gənc idarəetməni itirərək yol kənarındakı kanala düşüb. Hadisə nəticəsində aldığı zədələrdən sonra həmin gənc dünyasını dəyişib.
Maraqlıdır ki, bir müddət işsiz qalan Vidadi Bəylərova Tərtər rayonuna yeni icra başcısının təyin edilməsindən sonra yerli telekommunikasiya qovşağının rəisi təyin olunub.
// Aktual.az