Ali Məhkəmədə quldurluq və soyğunçuluqda təqsirləndirilən 1996-cı il təvəllüdlü Yusif Nəbiyevin barəsində olan hökmündən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"Report”un xəbərinə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Y.Nəbiyevin kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, 1996-cı il təvəllüdlü Yusif Nəbiyev və 1992-ci il təvəllüdlü Murad Həsənov Cinayət Məcəlləsinin oğurluq, quldurluq və soyğunçuluq maddələri ilə təqsirli bilinir. Onlar Bakıda vətəndaşlara özlərini "kriminal avtoritet” kimi təqdim ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Nəbiyev 9 il, M.Həsənov isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinə onların şikayətini təmin etməyib. Daha sonra Y.Nəbiyev kassasiya şikayəti verib.
Xatırladaq ki, Y.Nəbiyevin atası Mehman Nəbiyev qətl törətdiyinə görə hazırda məhkumluq həyatı yaşayır.