”Cosmos: A Spacetime Odyssey” məşhur sənədli filmlər seriyası sayəsində biz kosmos haqqında bir-birindən maraqlı məlumatlar alırıq. Bu məlumatlar hərdən o qədər inanılmaz olur ki, onları oxuduqda və ya izlədikdə ağzımız heyrətdən açıq qalır.
Aktual.az Pahoo.az istinadən bu gün sizə məhz belə hesab etdiyimiz məlumatları təqdim edirik:
1. Kainat üçün bəşəriyyət yeni doğulmuş körpə kimidir
Kainatın formalaşdığı təxmini zaman ilə bəşəriyyətin formalaşdığı zamanı müqayisə etdikdə bəşər tarixinin o qədər də qədim olmadığını, tam əksinə gənc olduğunu görürük. Bir sözlə, kainat üçün biz olduqca yeniyik.
2. Günəş sistemində Yerdən başqa yağış yağan digər məkan
Saturnun peyki olan Titan’da, eynilə Dünyadakı kimi çaylar, göllər və sahil zolaqları mövcuddur. Üstəlik burada yağış da yağır. Lakin bu yağışlar Yerdəki yağışlarla eyni deyil. Titanda yağışlar metan və etandan yaranır. Dünyada bu elementlər qazı yaratdığı halda, Titanda isə maye halındadırlar. Bura o qədər soyuqdur ki, su ancaq buz kütləsi halında mövcuddur.
3. Quyruqlu ulduzların quyruğunun sirri
Quyruqlu ulduz dediyimiz şey əslində kainatda azad şəkildə dolaşan meteordur. Günəş sisteminə daxil olan və Günəşin cazibə qüvvəsinə tuş gələn meteorun Günəşə yaxınlaşdıqca buzu əriyir və üzərindəki qaz və tozlar ondan aralanaraq, arxasınca sürünür. Beləliklə də, möhtəşəm görüntü yaranır. Baxacağımız ən yaxın quyruqlu ulduz hadisəsi isə 2061-ci ildə baş verəcək.
4. Göy üzündə gördüyünüz ulduz işıqlarının çoxu “ruh”dur
İşıq sürəti məsələsinə heç girmirik. Bu onsuz da hamımızın bildiyi kimi, kainatdakı demək olar ki, ən sürətli şeydir. Göy üzündə görmüş olduğunuz ulduzların işıqları bizə çatana qədər, işığın möhtəşəm sürətinə baxmayaraq, bəziləri artıq çoxdan yox olmuş olur. Əslində göy üzünə baxanda bir növ keçmişi izləyirsiniz. Bu səbəbdən də, teleskopa zaman maşını da deyilir! Bax, bu bir az qorxunc səslənir.
5. Hamımız ulduz tozuyuq
Rənglərin formalaşması şüaların dalğa uzunluqları ilə bağlıdır. Amma, rənglərdə daha böyük bir sirr var. Spektr xətləri, yəni rənglərin prizmadan keçiriləndə içində görünən barkoda oxşayan xətlər, işığın hansı atomu saxladığı barədə bizə məlumatlar ötürür. Beləliklə də, uzaqdan gələn şüaların tədqiqi ilə planetlərin atom molekullarının nədən ibarət olduğu müəyyənləşdirilib. Bütün kainat eyni elementlərdən ibarətdir. Yəni hər birimiz ulduz tozuyuz. Əla səslənmirmi?
6. Əslində bir-birimizə heç vaxt tam mənada toxuna bilmirik
star_dust_by_vimarkYəqin ki, bu məlumat sizdə çaşqınlıq yaratdı. Atomların ətrafında nüvəsini qoruyan güc sahələri, yəni elektron buludlar var. İki atom nüvəsi heç vaxt bir-birinə toxuna bilmir. Yaxınlaşır, lakin görünməz güc sahələri bir-birini itələyir. Sadəcə toxunma hissi yaranır.
7. Dünyanın yaşı qurğuşun ilə hesablanıb
Əlbəttə, işlədilən qurğuşundan deyil, qurğuşun elementindən bəhs edirik. Başdan başlayaq: Yerin yaşını hesablamaq üçün Dünyanın quruluşundan bəri var olan bir şey tapmalıydıq. Ancaq bu mümkün deyildi və ya heç vaxt əmin olmaq olmurdu. Elə isə bunun üçün ən uyğun şey meteor hesab edildi. Bir Meteor təhlil olunsa və nə qədər müddət mövcud olduğu hesablansa, kainatın yaşı da müəyyən edilə bilərdi. Ancaq bir problem var ki, elementlərin atomları zaman ərzində dəyişir və başqa bir elementə çevrilirdi. Tək bir element istisna olmaqla – qurğuşun. Beləliklə də, Meteor içindəki Qurğuşun miqdarı hesablanaraq, Dünyanın yaşı da hesablanıb.
8. Günəş Yeri Udacaq!
Qorxdunuzmu?! O zaman rahatlaşın, çünki bu təxminən bir milyard il sonra baş verəcək. Günəş “ölməmişdən” dərhal əvvəl öz ölçünün yüz dəfə artığı qədər şişəcək. Bəlkə də o vaxta qədər bəşəriyyət başqa qalaktikalarda həyat tapar.
9. Aya gedən insan sayından daha az insanın gəldiyi yer
Okeanların altında tamamilə başqa bir dünya var: sıra dağlar və yarğanlar. Dünyanın ən dərin yeri hesab edilən Mariana Çökəkliyinə gedən insan sayı, Aya gedənlərdən daha azdır. 11.000 metrdən artıq dərinlikdən söhbət getdiyini unutmayın. Təkcə Göy üzü deyil, Yerin altı da sirr olaraq qalır.
10. Kainatda bizim planetimiz bir toz dənəciyidir
Planetimiz kainatın nəhəngliyi ilə müqayisədə bir toz dənəsindən də kiçikdir. Bütün bu müharibələr, ölkələr, mədəniyyətlər, lovğalıqlar, sevgi və nifrətlər – hamısı bu kiçik toz dənəsi daxilində baş verdi! İndi hər kəs papağını qabağına qoymalı və nəhəng kainatdakı toz dənəsində sahib olduğumuz yeganə şeyin insanlıq hissi olduğunu dərk etməlidir. Hamımız kainatdakı toz dənəsi üzərində yaşayan kiçik ulduz tozuyuq!
pahoo.az
Xəbər 5703 dəfə oxunub.