"Korrupsiya üzləşdiyimiz ciddi problemlərdən biridir. İslahatlar korrupsiyanın nəzərəçarpan dərəcədə azaldılmasına yönəldilib". Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edən zaman deyib.
Dövlət başçısı bildirib ki, əfsuslar olsun ki, inzibati tədbirlər, eləcə də cəza tədbirləri istədiyimiz effekti vermir:
"Onların müvəqqəti təsiri var, çünki vaxt keçir və digər insanlar gəlir. Bu, yenə də təkrarlanır. Biz nə etməliyik? Bunun üçün təsisati tədbirlərlə şəraiti daraltmalıyıq ki, bu, mümkün olmasın. "ASAN xidmət"dəki kimi, digər sektorlarda da etməliyik. Buna görə, korrupsiyaya qarşı mübarizə davam edəcək və biz imkanları daraldacağıq. Bu bəlaya qarşı uğurlu mübarizə aparacağıq. Həmçinin bunun bir hissəsi olan bürokratiyaya da qarşı gedəcəyik".
İlham Əliyev vurğulayıb ki, bürokratiya korrupsiyaya bağlıdır, çünki bəzi dövlət məmurları nəyisə əldə etmək üçün bürokratik əngəllərdən istifadə edir və sahibkarların, insanların işini çətinliyə salırlar: "Onlar bunu öz maraqlarını təmin etmək üçün edirlər".