301 şəxs barəsində 207 cinayət işinin istintaqı tamamlanıb
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən ilin yekunlarına dair hesabatını açıqlayıb.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, 2015-ci il ərzində baş idarə tərəfindən 460 cinayət işinin ibtidai istintaqı aparılıb. Bunlardan 145 cinayət işi Baş İdarə rəisi tərəfindən başlanıb, 90 cinayət işi digər işlərdən ayrılıb, 62 cinayət işinin icraatı təzələnib, 47 cinayət işi Baş Prokurorluqvasitəsi ilə aidiyyəti orqanlardan daxil olmaqla icraata qəbul edilib, 116 cinayət işi isə 2014-cü ildən qalıq qalıb.
K. Əliyev qeyd edib ki, həmin cinayət işləri əsasən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma, rüşvət vermə, nüfuz alveri, saxta sənədlərdən istifadə etmə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, vəzifə saxtakarlığı, cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və digər faktlarla bağlı olub.
O da qeyd olunub ki, hesabat dövründə 301 şəxs barəsində 207 cinayət işinin istintaqı tamamlanıb, onlardan 295 şəxs barəsində 200 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. İstintaqı tamamlanmış cinayət işlərindən ümumilikdə 206 şəxs barəsində 119 iş Ağır Cinayətlər Məhkəmələrinə, 89 şəxs barəsində 81 iş isə yerli rayon (şəhər) məhkəmələrinə göndərilib.
2015-ci il ərzində məhkəmələrə göndərilmiş 200 cinayət işindən 107 şəxs barəsində 73 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 64 şəxs barəsində 52 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 41 şəxs barəsində 24 iş vəzifə səlahiyyətlərindən sui-istifadə, 34 şəxs barəsində 14 iş rüşvət alma, 13 şəxs barəsində 9 iş rüşvət vermə, 1 şəxs barəsində 1 iş nüfuz alveri, 12 şəxs barəsində 12 iş saxta sənədlərdən istifadə etmə, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 9 şəxs barəsində 6 iş vəzifə saxtakarlığı, 3 şəxs barəsində 2 iş hədə-qorxu ilə tələb etmə, 1 şəxs barəsində 1 iş qanunsuz sahibkarlıq, 2 şəxs barəsində 1 iş cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və 1 şəxs barəsində 1 iş isə digər faktla əlaqədar olub.
İstintaqı başa çatdırılmış işlər üzrə cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədi ilə aidiyyəti müəssisə və təşkilatlara 49 təqdimat verilib, həmin təqdimatlara əsasən bir sıra əməkdaşlar intizam qaydasında cəzalandırılıb, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib.
K. Əliyev bildirib ki, əməliyyat qurumları tərəfindən 31 şəxs barəsində 27 cinayət işi başlanıb. Keçirilmiş 14-ü əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 16 vəzifəli şəxs cinayət başında yaxalanıb, araşdırmalar nəticələrinə isə 15 şəxs barəsində 13 cinayət işi başlanıb.
Hesabat dövründə Baş İdarədə 190 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılıb, 138 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 51 material üzrə isə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilib, 1 material isə aidiyyəti üzrə göndərilib.
Bunlardan 23-ü rüşvət, 35-i vəzifədən sui-istifadə, 66-sı dələduzluq, 32-si mənimsəmə, 12-si saxta sənəddən istifadə, 4-ü saxta müflisləşmə, 4-ü qanunsuz sahibkarlıq, 14-ü isə digərləri ilə əlaqədar olub.
Aparılmış araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və qeyd olunan qanun pozuntularına şərait yaradan halların gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 22 təqdimat göndərilib.