Rusiyanın Azərbaycanla sərhəddəki Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində yaranmış texniki problem nəticəsində minik avtomobillərinin sərhəddən buraxılması dayandırılıb. Nəticədə məntəqənin qarşısında Rusiyadan Azərbaycana gələn avtomobillərdən ibarət uzun tıxac meydana gəlib.
Aktual.az virtualaz.org-a istinadən bildirir ki, bu haqda Rusiya prezidenti yanında İnsan Haqları Şurasının üzvü Pavel Çikov özünün Twitter səhifəsində məlumat verib. Çikov özü də sərhəd-keçid məntəqəsinin bağlanması nəticəsində tıxacda qalıb.
"Yaraq-Qazmalardakı Rusiya sərhəd məntəqəsi 7 saatdan çoxdur ki, minik avtomobillərini buraxmır, kompüterin xarab olduğu bildirilir", - Çikov yazıb. Onun sözlərinə görə, sərhəddə yüzlərlə avtomobildən ibarət növbə yaranıb. "40 dərəcə isti, nə su, nə tualet, nə yemək var. Heç bir informasiya da vermirlər. Situasiya "Yuxarı Lars" Rusiya-Gürcüstan sərhəd-keçid məntəqəsinin sel və sürüşmə nəticəsində bağlanması üzündən daha da mürəkkəbləşir. Faktiki olaraq bütün Qafqazın Rusiya ilə əlaqəsi kəsilib. FTX-nin sərhəd idarəsi heç bir informasiya vermir", - Pavel Çikov iyunun 27-də axşam öz bloqunda yazıb.
Xatırladaq ki, "Yuxarı Lars" sərhəd keçid məntəqəsinin bağlanması nəticəsində Rusiyadan Gürcüstan istiqamətinə və geriyə hərəkət edən minik, yük avtomobilləri Azərbaycan ərazisindən istifadə etməyə başlayıb. Nəticədə Azərbaycanın Rusiya ilə sərhəd-keçid məntəqələrində yüklənmə artıb, uzun növbələr yaranıb. Belə vəziyyətdə ən çox ziyan Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarlara dəyir, onların malları gün altında qalıb xarab olur.