Könüllülük fəaliyyəti fərdi inkişafa böyük töhfədir

Könüllülük fəaliyyəti fərdi inkişafa böyük töhfədir

Könüllülük insanların inkişafının əsas vasitələrindən biridir. Könüllülük sağlam vətəndaşlıq mövqeyinin göstəricisi və  eyni zamanda, içində  olduğumuz sosial münasibətlərin ayrılmaz parçasıdır. Vətənpərvərlik, bilik və  kamillik kimi dəyərlərdən ilhamlanan könüllülük həm cəmiyyətin, həm də  fərdlərin rifahına, şəxsi inkişafına danılmaz dəyər qatır. Könüllü fəaliyyət, həmçinin, insanın içindəki "ictimai inkişafda iştirak” istəyinin dövlət və  qeyri‐dövlət  təsisatları vasitəsilə canlandırılması və faydalı hala gətirilməsidir.
Dünya tarixində könüllü fəaliyyət anlayışına ilk dəfə XVII əsrdə Fransa ordusunda rast gəlinir. Bu anlayış könüllü hərbçi olmaq istəyən fransızların qeydə alınmasından sonra meydana çıxıb. XXI  əsr ölkəmizin könüllülük həyatında dərin izlər buraxmaqdadır. Çoxsaylı dövlət, özəl, ictimai təşkilat öz fəaliyyətilə könüllülük prinsiplərini qoruduğunu göstərir və hətta beynəlxalq miqyasda xeyriyyəçilik  ənənələrimizi nümayiş  etdirirlər. Bu sırada dünyanın bir çox ölkəsində sosial layihələrə  imza atmaqla bizi qürurlandıran Heydər Əliyev Fondunun adını çəkə  bilərik. Azərbaycanın Respublikasının Birinci vitse‐prezidenti, UNESCO və ISESCO‐nun xoşməramlı səfiri Mehriban  Əliyevanın rəhbərliyi ilə  2004‐cü ildən fəaliyyətə  başlayan Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm, texnologiya, ekologiya və digər sahələrdə  müxtəlif layihələr həyata keçirərək, yeni cəmiyyət quruculuğunda fəal iştirak edərək ölkənin sosial‐iqtisadi inkişafına öz töhfəsini verir.
Əsası ulu öndər Heydər  Əliyev tərəfindən qoyulan ideyalar onun layiqli davamçısı olan Prezident  İlham  Əliyev tərəfindən bu gün qətiyyətlə  həyata keçirilir. Ölkə  başçısının 9 iyun 2009‐cu il tarixində  imzaladığı "Könüllü fəaliyyət haqqında” qanun Azərbaycanda könüllülər hərəkatının daha da genişlənməsinə  münbit zəmin yaradıb. Bu qanun qəbul edildikdən sonra Azərbaycan könüllüləri ölkəmizdə keçirilən kütləvi idman, siyasi, mədəni tədbirlərin idarə  edilməsi proseslərinə  könüllü qismində cəlb edildilər.
Mən də Nəsimi RİH könüllüsü olaraq düşünürəm ki ,könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi xeyirə əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial bir fəaliyyət istiqamətidir.
İnsanların inkişaf və sülh uğrunda mübarizəsinin əsas vasitələrindən biri olan könüllülük, cəmiyyət və könüllü  şəxslər arasında qarşılıqlı etimad, inam və  həmrəylik prinsiplərini əldə  rəhbər tutaraq, həm cəmiyyətin maraqlarını , həm də  könüllülərin maraqlarını təmin edən bir təsisat kimi qarşımıza çıxır.
Mən deyərdim ki, könüllü olduğum müddətdə  təmsil olunduğum qurumun iş qaydaları çərçivəsində yeni biliklər əldə etmişəm. Təhsil aldığım dövrdə  eşitdiyim, oxuduğum və  öyrəndiyim metod və alətləri bu biliklər vasitəsilə reallaşdırmağa başladım. Könüllülük mənim müəyyən bilik və bacarıqlarımı artırmağımda və sahib olduğum bacarıqlarımın püxtələşməsində çox böyük rol oynayır. Və eyni zamanda həm də  tələbə olaraq düşünürəm ki, bir müəssisədə könüllü olmaq istəyən tələbə  gənclər özlərində dəmir iş intizamı formalaşdırmalıdırlar. Bu tələblər könüllü olduğunuz yerə  vaxtında gəlib‐getmək, müəyyən edilmiş müddətdə orada olmaq deməkdir. Könüllülük məsuliyyətsizliyi sevmir.  Bütün könüllülərə fəaliyyətlərində uğurlar arzulayıram.
Nəsimi rayon könüllüsü, 
Azayeva Pərvin Müşviq qızı
Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR