“Bir müddət əvvəl Azərbaycanın müxtəlif bölgələrində etiraz aksiyaları təşkil etmək cəhdləri iflasa uğradığı üçün hazırda bəzi qüvvələr daxili ictimai-siyasi vəziyyəti gərginləşdirmək üçün müxtəlif dezinformasiyalar yayırlar".
Aktual.az xəbər verir ki, hakimiyyətdəki mənbənin APA-ya verdiyi məlumata görə, şəxsi məsələləri ilə bağlı müxtəlif dövlət orqanlarının bölgələrdəki bölmələrinə gedən, yaxud yerli icra nümayəndəliklərində hesabat iclaslarında iştirak edən vətəndaşların toplu halında şəkillərinin etiraz aksiyası adı altında təqdim olunması ilə bağlı araşdırmalar başlayıb: "Bəzi hallarda isə köhnə şəkillər guya hazırda keçirilən etiraz aksiyaları kimi qələmə verilir".
Mənbə bildirib ki, kütləvi informasiya vasitələri və vətəndaşlar bu tipli şayiələrə uymamalıdır: "Həmçinin təxribatçı fəaliyyət jurnalist etikasına tamamilə zidd olmaqla yanaşı, həm də hüquqi məsuliyyət doğurur. Belə yalan və təxribat xarakterli məlumatlar yayanlara qarşı qanuna uyğun şəkildə ölçü götürüləcək”.
Xatırladaq ki, bu gün Azərbaycanın sosial şəbəkələrdə və bəzi saytlarda Astara və Cəlilabad rayonlarında etiraz aksiyalarının keçirilməsi barədə xəbərlər yayılıb. Həmin rayonların icra hakimiyyətlərindən isə APA-ya bildirilib ki, vətəndaşlar tamamilə başqa səbəblərlə bir yerə toplaşıblar.