Kişilər qadınların dalınca nə danışırlar?

Kişilər qadınların dalınca nə danışırlar?

"Bu bomba şeydir", "Filankəsin arvadı qonşu ilə" deyir və gülürlər 

Azərbaycan kişiləri, təəssüf olsun ki, qadına geyiminə görə qiymət verirlər! 

Hər bir qadın bilməlidir ki, kişi onun üzünə gülüb dalınca danışır. Qadınlar buna əhəmiyyət vermir, kişi dostlarına daha çox etibar edir, sirləri, məişət problemləri, yaşadıqları hissləri ilə bölüşürlər. Rəfiqəsinə deməyə ehtiyat etdiyi məsələləri kişilərlə müzakirə edirlər. Amma unudurlar ki, kişilər birgə yığışıb yeyib-içdikdə, çayxanada oturanda, məhlədə, barda olanda, işdə siqaret çəkməyə çıxanda onlardan danışırlar. Ola bilsin ki, futbol, maşınlar və işgüzar danışıqlar birinci yerdədir. Amma qadınlar haqqında dedi-qodu etməyi də unutmurlar. 

"Hesab edirlər ki, qadınlar qeybətcildirlər. Amma əmin olun ki, kişilər daha çox qeybət edirlər. Kişi yığıncaqları "Əri niyə boşadı?", "Kiminlə görüşdü?", "Gecə saat neçədə gəldi?", "Nə geyindi?", "Maşın sürür",  "Yaman xod gedir", "Özünü yüngül aparır" və s. kimi söz-söhbətsiz ötüşmür", - deyə Bakı sakini Tamerlan Bağırov etiraf edib.  

Bunun belə olduğunu düşünən qadınlar olsa da, çoxu kişilərin qadınlar qədər qeybət etmədiyini deyib. Bakı sakini Nərgiz Babaxanovanın sözlərinə görə, kişilər üçün gəlin-qaynana, gəlin-baldız münasibətləri və ya məişət problemləri haqqında danışmaq maraqlı deyil. Onların maraq dairələri fərqlidir.

"Arvadağız" kişilər 

Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, kişilərin qadınların dalınca danışması onların hansı ixtisas, peşə sahibləri olmasından asılıdır: "Qadınların dalınca əsasən alverçi təbəqəsi danışır. Amma ziyalı, mədəni adamlar nadir hallarda qadın haqda qeybət edirlər. Elmlə maraqlanan kişilərin qadınların dalınca danışdığını təsəvvür etmək çətindir. Bu çox nadir hallarda ola bilər. Amma məişətə meylli kişilər daha çox qeybət edirlər. Misal üçün, aktyorlar və müğənnilərdə qadınların dalınca danışmaq adi haldır. Çünki onların peşəsi belə söhbətlərə uyğun gəlir. Qadınların geyimindən,  dəbdən, saç düzümündən və s. danışırlar". 

"İçkiyə meylli olan kişilər tez-tez yeyib-içməyə yığışırlar. Belə yığıncaqlarda qadınlar haqqında danışırlar. Evdar, evə bağlı olan kişilər, səliqə-səhman yaradan, ev işləri görən kişilər müəyyən qadın xasiyyətlərini götürürlər. Arvadların dalınca qeybət edirlər. Amma kişilər nə qədər qeybət etsələr də, qadınlardan geridə qalırlar. Qadınlar gözəllik salonlarına gedəndə, həyətə düşəndə, qonaq gedənə qeybət edirlər. Onlar ünsiyyət daha çox qurduqları üçün qeybət də çox edirlər", - deyə Rzayev bildirib. 

"Açıq geyinirsə, əxlaqsızdır"

Psixoloq qeyd edib ki, kişinin qadınların dalınca danışıb-danışmaması səviyyəsindən asılıdır: "Amerika və Avropa kişiləri heç vaxt hansısa qadına deməz ki, "Bax, filan qadın pozğundur!" Bizim kişilər qadınlara "pozğun" damğasını yapışdırırlar. Azərbaycan kişiləri, təəssüf olsun ki, qadına geyiminə görə qiymət verirlər. Açıq geyinirsə, deməli, əxlaqsızdır. Kişilərə yaraşmayan xüsusiyyətlər bizim kişilərdə daha çoxdur. Məsələn, qadın maşın sürürsə, onun haqqında pis düşünməyə başlayırlar. Əvvəllər, xatırlayırsız ki, şalvar geyinən qadınlara pis baxırdılar. İndisə qadınların şalvar geyinməyi normal qarşılanır".

Biz yanlarında olmayanda kişilər nədən danışırlar?
 
Əsasən 22-40 yaş arası olan kişilər qadınların dalınca danışırlar. Onları qadınların sevgi macəraları maraqlandırır. Kişilərlə təklikdə olanda maraqlanırlar ki, "Görəsən, bu qadın şəxsi münasibətdə necədir?" Amma kişilər heç vaxt bir-biri ilə arvadlarını müzakirə etmirlər. Ən yaxşı halda məşuqələrinin dalınca danışa bilərlər. Arvadları haqqında danışdıqda belə onlara "evdəki", "uşaqlarımın anası", "gəlinimizin qaynanası" deyirlər. Daha çox yoldan keçənlər, tanış qadınlar barədə qeybət edirlər. Fırlandığı qadına baxıb o biri kişilərə deyirlər ki, "bomba şeydir". Amma yaşadıqlarının təfərrüatlarını danışmırlar. Müasir adamlarsa xırdalıqlarını da danışa bilər ki, filan qadınla belə elədim və s. 

Kişilər qadınların iş sahəsindəki uğurları da həzm edə bilmirlər. Çünki qadın nə qədər çox işgüzar, imkanlı olursa, o qədər də əlçatmaz olur. 

Regional Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Murad İsayev bildirib ki, kişilər qrup şəklində yığışıb çayxanada və s. oxşar yerlərdə olanda qadınlar haqda mövzulara mütləq toxunurlar: "Kişilər öz aralarında söhbət edərkən əks cins tərəfindən daha çox bəyənildiyini, hörmət qazandığını bildirirlər. Qadınları cəzb etməkdə məharətli olduqlarını, bununla bağlı üsullarının daha üstün olduğunu sübut etməyə çalışırlar".

Qadınlar çox ucuzlaşıb

M.İsayevin sözlərinə görə, təbiət etibarilə kişilərdə rəqabət duyğusu var: "Lakin bu dövrün qadınları kişilərdə bu duyğunun yaranmasına imkan vermir. Rəqabət duyğusunu, bu prosesi qadınlar get-dedə maddi maraqları ilə əvəz ediblər. Hədəflərini daha aşağı ediblər. Bir xanım ilə münasibət qurmaq hal-hazırda çox ucuzlaşıb. Ona görə də kişilərdə rəqabət hissi zəifləyib. Kişilər artıq qadına görə mübarizə etməyə ehtiyac duymurlar. Daha primitiv, instinktiv hisslər üzərində hərəkət edirlər. Yaxşı olar ki, xanımlar özlərini daha üstün tutsunlar. Rəqabətə dözümlülük qabiliyyəti çox olmalıdır. Qadınlar mübarizə çox aparmalı, kişilərə tez təslim olmamalıdırlar. Özlərinə təklif olunan hansısa münasibətə o saat reaksiya verib razılıq verməməlidirlər. Kişini sınaqdan keçirmək üsullarından çox istifadə etməlidirlər. Kişilərin qruplaşarkən bu səpkidə söhbət etməyinin səbəbi qadınların tez yoldan çıxmasıdır".
 
Heyf kişilərdən
 
Qadınlarla müqayisədə kişi psixologiyasının fəlsəfəsində dəqiqlik daha çoxdur. Onların sol yarımkürələri aktiv olduğundan dəqiqdirlər. Qadınlarınsa sağ yarımkürələri çox aktiv olduğundan informasiyanı şişirdir və faktlara əlavələr edirlər. Lakin son dövrlər kişilər daha çox qeybət etməyə başlayıblar. Hal-hazırda kişilərin qadınlar kimi qeybətcil olması kişi psixologiyasının intellektdən uzaq qalması ilə əlaqədardır. Bütün məsələlərin kökündə kifayət qədər mütaliə etməmək dayanır. İndiki zamanda kişilər qadınlara nisbətən daha az mütaliə edirlər. Bu səbəbdən də kişilər ibtidai instinktiv hisslərə doğru yönəlirlər. Bu da təbii ki, qeybətcil olmalarına, boş-boş söhbətlərə çox müdaxilə etmələrinə gətirib çıxarır.
 
Milli.Az

Xəbər 3929 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR