Beynimizdə özümüzlə bağlı bir ideal həyat tərzi yaratmışıq. Bu ideal həyata sadiq ər, iki uşaq, yüksələn karyera, kökəlməyən bədən və daima gənc qalan simamız daxildir. Bu idealın uğrunda uşaqlıqdan elə birinci özümüzlə bir savaşa başlayırıq. Kim olduğumuzu anlamadan bu idealı ağlımıza salan insanın fikirləri ilə həyatımızı davam etdiririk. Doğuldumuz mənlə sonradan yaranan mən arasında gedib-gəlməyə başlayırıq. Bu gediş-gəlişdə nə özümüz xoşbəxt ola bilirik, nə də ki, yanımızda olmaq istəyən insanların normal yaşamasına imkan veririk. Savaşı uduzuruq. Günah kişilərin üzərində qalır.
...Ki, bizi niyə anlamırlar?! Seçdiyimiz arzuların yalnız çərçivələrdən ibarət olduğu halda, duymadığımız və görmədiyimiz azadlıqdan dəm vurmağa başlayırıq. Guya imkan versələr, biz hətta 9-cu planeti keşf edər, birinci toyuğun, yoxsa yumurtanın yaranması ilə bağlı sualın da cavabını tapardıq. Təbii, biz qadınlar çox şeyə qadirik, çox şey edə bilərik. Bircə nə istədiyimizi bilsək…
Bəs biz qadınlar azadlıq istəyi altında nəyi gizlədirik?.. Bəlkə bu, qızların ta uşaqlıqdan əks cinsə qarşı qurduğu acımasız planı həyata keçirmək cəhdidir?
Hələ yenyetməlikdən yükümüzü çəkəcək birilərinin yanımızda olmasını arzulayırıq. Valideynlərimiz azadlığın gətirə biləcək problemlərdən bizi uzaq tutmağa çalışır. Biz isə azadlığın haqqımız olduğunu düşünür, əlacı onu bizə verə biləcək kişini tapmaqda görürük. Beləcə kişi ovu başlayır... Əfsuslar olsun ki, bəzi kişilər də bineyi-qədimdən ov olmaqda maraqlıdırlar. Bundan sonra isə nəinki qadının, bir nəslin yükünü götürmək məcburiyyətində qalırlar. Bu qədər yük isə onların da, daima narazı qalan qadının da bədbəxt olmasına gətirib çıxardır. Sevgini paylaşmağı gözəl bacaran qadın, çətinlik qarşısında özünü itirir, kişinin gücünü hesablamağı unudur.
İdealındaki həyatın hər hansı bir "punktu"nun müəyyən şərtlərə görə təxirə salınması və ya ümumiyyətlə, gerçəkləşməmə ehtimalı qadını kişiyə qarşı aqressiv və acımasız edir. Çünki o, kişini cizgi filmlərindəki hər şeyi bacaran sehrbaz kimi görür. Bir yol tapıb kişini də sehrbaz olduğuna inandırır. Bəzən bu sehrli oyun kişini zirvələrə qaldırır. Hər şeyin onun üçün edildiyini sanır, amma heyhat…
Əksəri heç vaxt anlamır ki, qadın bunu gələcək həyatını sığortalamaq və idealında yaratdığı yaşama daha tez çatmaq üçün edir. Bu oyunu anlayan əksər kişilər evi tərk edir və ömrü boyu tənha qalırlar. Aldanmayanlar qarşısında isə "tənha qadın” silahı işə düşür. Yaxşı, ey QADIN, bu vaxta qədər kişiləri ilahiləşdirən sən deyildinmi? Azadlığın verdiyi yükün ağırlığından daha əvvəl bixəbər olduğun üçün indi bütün yaşanan problemlərə görə kişiləri günahlandırırsan. Qorxaqlığını və acizliyini gizlətmək üçün nələr etmirsən, nələr... Onlara "hamısı eynidir” ştampı vurulmuş acımasız, mərhəmətsiz robot kimi görürsən. Sanki damarlarında qan deyil, buz kimi zəhər axır. Həyatını zəhərləmək üçün... Əməllərinin qurbanına çevrilmədikdə, düşməninə çevrilir. Hər yerdə dəyişməz bir şüarın var: "Kişilər bizə yaşamağa imkan vermir”. Bəs biz qadınlar yaşamağı bilirikmi?..
Biz həyatı olduğu kimi qəbul etməkdən qorxub, məsuliyyəti üzərinə atacağımız birini axtarırırıq.
Biz özümüzü digərlərindən fərqlənmək üçün "təmiz" əxlaqı əlimizdə bayraq etmişik.
Bizi əl-ayağımıza qandal vurub, 4 divar arasına məhkum edəni də biz özümüz yetişdirmişik.
Və sonda…
Qadın bəzən axtardığı kişini özü yetişdirir, beynində qurub, sakini ola bilmədiyi dünyaya görə günahlandırsın deyə. Bəzən isə həmin kişi məhz elə özü olur.
Mələk Heydərova