Azərbaycanda kinoteatrlarda nümayiş olunan filmlərin mütləq qaydada dublyaj olunmuş formada və ya subtitrlərlə verilməsi ilə bağlı göstəriş bu sahədə bəzi problemləri qabardıb. Belə ki, dublyaj üçün xeyli vaxt sərf olunduğundan yerli tamaşaçılar üçün yeni filmlərin premyerası gecikir, subtitrlər isə bir sıra hallarda tamaşaçıların narazılığına səbəb olur.
"Report" mövzu ilə bağlı kino sahəsinin mütəxəsislərinin mövqeyini öyrənib.
Kinorejissor, Əməkdar incəsənət xadimi, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev "Report"a bildirib ki, filmin distribütörlüyünü edənlər həmin filmi dublyaj etməlidirlər.
Onun sözlərinə görə, bu gün Azərbaycanda kino sahəsində distrubyutor sənəti o qədər də inkişaf etməyib: "Filmi alan bilsəydi ki, filmi dublyaj edib təkcə kinoteatrla kifayətlənməyəcək, həm də kaset buraxacaq, televiziyalara satacaq və müəyyən qədər dublyaja qoyduğu pulu çıxaracaq, o zaman onu edərdi. Amma hazırda bu mümkün deyil. Filmi kinoteatrda nümayiş etdirirlər, onunla da bitir. Kinoteatr da o dərəcədə pul qazana bilmir ki, onun dublyajına da sərf olunsun. Telekanalların çoxu xarici filmi pirat üsulu ilə yayımlayır. Qanunla alanlar olsa da, çoxu pirat üsulu ilə yayımlayır. Ona görə də kinoteatra gətirilən filmin hüquqlarını müdafiə etmək onu gətirən üçün sərfəli olmur. Dublyaj böyük bir sənət sahəsidir. Ona diqqət yetirilməli, onun inkişafına şərait yaradılmalıdır. Bizdə isə dublyaj başlı-başına buraxılıb. Bu sahənin inkişafına yardım edəcək bir proqram, bir struktur yoxdur. Kim nə istəyirsə, onu da edir. Ortada isə inkişaf yoxdur. Çünki hamısı bir-biri ilə bağlıdır".
Hüseyn Mehdiyev vurğulayıb ki, dublyajın həyata keçirilməsinə dövlət də kömək etməlidir. Onun sözlərinə görə, vaxtilə Türkiyədə kinoteatrlarda yayımlanan xarici filmlərin dublyajına dövlət vəsait ayırırdı. Kinorejissor hesab edir ki, sahibkar keyfiyyət üçün yollar axtarmalıdır və dövlət ona bu işdə yardm etməlidir. Onun sözlərinə görə, dublyajı kinoteatra sərfəli olmayan filmlərin dublyajına məcbur etmək olmaz: " Kinoteatr onu niyə dublyaj etməlidir? Niyə məcbur edirlər? Bir ətək pul verir filmi alır, qanuni göstərir. TV-lər isə bu işi qanunsuz edirlər. Qanunsuz göstərənə bir söz demirsən, amma qanuni göstərəni incidirsən. Bu düzgün deyil".
Bakı Film İnstitutunun rəhbəri, "Cinema" Gənc Kinomatoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev məsələnin ciddi olduğunu bildirib. Onun sözlərinə görə, qanunla Azərbaycanda nümayiş olunan filmlərin hər biri öz dilimizdə nümayiş olunmalıdır: "Qanuna görə filimlər ya dublyaj olunmalıdır, ya da subtitrlə göstəriliməlidir. Azərbaycanda kinoteatrlara filimlərin hamısı distributor şirkətləri tərəfindən gətirilir. Türkiyə istehsalı olan filimlərin hamısı türk dilində nümayiş olunur. Bizim qanunda göstərilir ki, hətta osmanlı türkcəsində istehsal olunan filimlər də ya dublyaj olunmalı, ya da subtitrlə verilməlidir. Hollivud və Avropanın digər ölkələrindən gələn filimlər əsasən Rusiya distribyutorları tərəfindən gətirilir deyə, rus dilində səsləndirilmiş formada olur. Amma həmin filimlərin Azərbaycan dilində səsləndirilməsi keyfiyyətsizliyə gətirib çıxarır. Televiziya kanallarında nümayiş olunan filimlərin arxa səsləri olmadığından hamı keyfiyyətsizlikdən şikayətlərnir. Bəzən tamaşaçı səsləndirmədə aktyorun səsinin həddən artıq keyfiyyətli olduğunu hiss etmir. Filmin orjinal musiqisi, fon səsləri var ki, onlar dialoqlar gələn zaman kəsilir deyə, bir qırıqlıq əmələr gəlir. Səslər demək olar ki, yoxa çıxır".
Müsahibimiz deyir ki, Sovet dönəmində ruslar tərəfindən dublyaj edilib bizim kinoteatrlarda yayımlanan filimləri onlar səsi təmiz formada alırdılar. Filmin bütün səsləri layihə şəklində gəlir. Belə ki, onlar sadəcə dialoqu çıxarırlar və öz aktyorlarının səslərini yerləşdirirlər. Yerdə qalan kənar səslərin hamısı filimdə olduğu kimi qalır: "Buna görə də Azərbaycanda rusların dublyajında nümayiş etdirilən filimlərin əksəriyyəti keyfiyyətli səsləndirilmiş formada olur. Azərbaycanda distributorun filmi tam, səslərdən ayrılmış şəkildə almağa pulu yoxdur. O formada olanda sadəcə aktyorun səsini dəyişirlər, digər səslər filmin orjinalında olduğu kimi qalır. Bunu etməkdən ötrü Azərbaycanın distributor şirkətləri böyük məbləğ ödəməlidirlər. Halbuki o məbləğin özü bizim heç bilet satışından toplanmır. Buna görə də kinoteatrlar məcburdur ki, filimləri Rusiya dublyajlarında alsınlar. Çünki Azərbaycan dilində dublyaj olunsa, filmlərin səs keyfiyyəti itəcək".
F.Şamıyev bildirdi ki, dublyaj çətin olduğu üçün, kinoteatrlar filmlərin subtitrlə verilməsində maraqlı olmalıdır. Onun sözlərinə görə, subtitrlə filmin veriləndə isə tamaşaçılar bir neçə hissəyə bölünəcək: "Subtitr də olanda tamaşaçı deyəcək ki, adam bilmir ekranda baş verən hadisəyə baxsın, yoxsa subtitri izləsinlər. Böyük araşdırma şirkətləri ABŞ tamaşaçılarının rəylərini yoxlayırlar və məlum olur ki, onlar filmin subtitrlə olmasını xoşlamırlar. Bu məsələdə səbr məsələsi də önəmli rol oynayır. Ağır mövzuda olan filimlərə subtitrlə baxmaq olur. Hadisələrin sürətli cəryan etdiyi filimlərdə isə çətin olur. Amma yenə də dediyim kimi keyfiyyətli dublyaja bizim gücümüz catmayacaq. Ona görə də filimlərin Azərbaycan dilində nümayişini təmin etmək üçün çarə subtitrlərə görmək olar".
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov isə bildirib ki, kinoterlarda nümayiş olunan filmlər mütləq Azərbaycan dilində subtitrlərlə təmin olunmalıdır. Onun sözlərinə görə, bu yolla ingilis, rus dilini bilməyən adamlar öz doğma dilində filmlərə baxmaq imkanı əldə edirlər. Y.Şeyxov bildirib ki, kinoteatrlar filmlərin nümayişindən qazandıqları vəsaitin çox az qismini filimlərin Azərbaycan dilində subtitrlərlə təmin olunmasına sərf etməklə nəticə əldə edə bilərlər: "Biz filmlərin Azərbaycan dilində subtitrlə təmin olunmasını tələb edirik və bunun üstündə durmuşuq".
Nazirlik rəsmisi onu da vurğulayıb ki, sahibkarlıq obyektlərinə, kinoteatrlara filimlərin Azərbaycan dilində yayımlanmaları üçün yardım etməyi məqsədəuyğun saymırlar.