Kimin gizli yol patrullarından şikayəti varsa...

Kimin gizli yol patrullarından şikayəti varsa...

Artıq Azərbaycanda gizli yol patrul xidmətinin tətbiqi öz müsbət effektini göstərməyə başlayıb. Belə ki, gizli yol patrullarının fəaliyyətə başlamasından keçən təxminən 2 ay müddətində, xüsusən də magistral yollarda qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı azalıb.
Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Şöbə rəisinin sözlərinə görə, ötən müddət ərzində gizli yol patrul xidmətinin əməkdaşları tərəfindən daha çox yollarda manevretmə qaydalarının pozulması halları aşkar edilib: "Belə ki, sürücülər çox zaman ötmə əməliyyatı zamanı manevr edərkən dönmə işıq siqnalını yandırmırlar. Bu isə qayda pozuntusu hesab edilir. Qəzaların əksəriyyəti də məhz bu qaydaların pozulması şəraitində yaranır. Xüsusən də rayonlararası yollarda sürət yüksək olduqda ötmə qaydasını pozaraq dönmə işıq siqnalını yandırmadıqda qəzalar baş verir və belə qayda pozuntularının nəticələri də çox ağır olur. Bundan əlavə, gizli yol patrulu xidməti əməkdaşları tərəfindən qeydə alınan qayda pozuntuları arasında sürücülərin nişanlanma xətlərinin tələbinə məhəl qoymadan qarşı hərəkət zolağına çıxması halları da üstünlük təşkil edib".

K.Əliyev gizli yol patrullarının radar gəzdirərək sürət həddinin aşılması ilə bağlı qayda pozuntularını qeydə almalarını qanuna zidd olduğu ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: "Gizli yol patrulları bu qayda pozuntularını sürət həddi ilə bağlı və radarın olduğunu bildirən yol nişanları harada varsa, orada qeydə alırlar. Məsələn, gizli yol patrullarının xidməti ərazisində 150-1000 metr məsafədə radarın olduğunu bildirən nişan varsa, onlar sürət həddinin aşılması ilə bağlı qayda pozuntularını qeydə ala bilərlər. Əgər kiminsə, onların tərtib etdiyi protokollarla bağlı şikayəti varsa, buyurub bizə müraciət edə bilər. Belə ki, həmin avtomobillər GPS avadanlıqlarla təchiz ediliblər və protokol tərtib edilərkən qaydanı pozan avtomobilin sürücüsünün bunu harada törətdiyi protokolda dəqiqliklə GPS koordinatlarınadək göstərilir. Həmin koordinatlara əsasən də biz yaxınlıqda hansı yol nişanının olub-olmadığını dəqiq müəyyən edə bilirik".

BDYPİ sözçüsü əlavə edib ki, artıq gizli yol patrul xidmətləri təkcə Bakı və Abşeron ərazisində deyil, respublikanın bütün rayonları üzrə fəaliyyət göstərirlər.

Qeyd edək ki, Azərbaycanda gizli yol patrullarının xidmətindən 2015-ci il noyabrın 15-dən etibarən istifadə edilməyə başlanıb. Gizli patrullar dövlət yol polisinin istifadə etdiyi "BMW" markalı avtomobillərlə hərəkət etmirlər, xüsusi rəng qrafikası və üzərində fərqləndirici yazısı olmayan sadə əməliyyat-xidməti nəqliyyat vasitələrində, mülki geyimdə xidmət aparırlar. Lakin bu avtomobillər bütün lazımi texniki vasitələrlə təchiz olunub. Hətta gizli yol patrullarının istifadəsində mikroavtobuslar da var. Onlar özləri birbaşa heç bir avtomobili saxlamırlar. Bunun üçün onların səlahiyyəti yoxdur.

Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR