Hələ də bəzi şəxslərdə qanunsuz saxlanılan odlu döyüş silahları, sursatlar var. Müharibə qalıqlarıdır. Kimdə varsa, könüllü təhvil verilməlidir.
Aktual.az xəbər verir ki, bu barədə DİN-in yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, polis əməkdaşlarına dünən - avqustun 14-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 2 tüfəng, 2 patron darağı və 54 ədəd müxtəlif çaplı sursat könüllü təhvil verilib:
"O silahları təhvil verənlər ilk növbədə özünü və ailəsini məhrumiyyətlərdən xilas edir. Bilir ki, əməliyyat tədbirləri ilə tutulsa cinayət məsuliyyətinə cəlb olunacaqdır. Silah təhlükə mənbəyidir, geci-tezi var, o silahı gizlədən şəxs onu bir gün çıxaracaqdır. Bu sirr deyil ki, əsəb gələndə, sərxoş olduqda insanın ağılı gedir, affekt halı yaranır, yaxud şəxsiyyət ikiləşir. Heç kim deyə bilməz ki, əsəbləşən, sərxoşluq halında olan biri o silahdan istifadə etməyəcək. Ona görə də bir daha çağırış edirik, o silahlardan kimdə varsa könüllü təhvil versin. Bu halda məsuliyyət yaranmır. Bununla bağlı zəmanət veririk, diqqətə çatdırırıq ki, cinayət aləti olmayan silahları könüllü təhvil verən şəxslərlə bağlı indiyə qədər hər hansı tədbir görülməyib və görülməyəcək".
Xəbər 253 dəfə oxunub.