Keyfiyyətsiz eynəklər sağlamlıq üçün təhlükəlidir

Keyfiyyətsiz eynəklər sağlamlıq üçün təhlükəlidir

İnsan orqanizminin ən zərif orqanı olan gözün mühafizəsi üçün istifadə edilən eynəklər hazırda ölkənin əksər ticarət obyektlərində satılır

Eynək həvəsində olan alıcıların əksəriyyəti harada satılmasından asılı olmayaraq öz zövqlərinə uyğun seçim edir və onları alırlar. İstehlakçıların yalnız xarici görünüşünə və ucuz qiymətinə üstünlük verərək seçib aldığı bu eynəklərin keyfiyyəti, yaratdığı fəsadlarla bağlı məlumatları isə kifayət qədər məhduddur.

Məlum olduğu kimi, eynək çərçivəyə salınmış, insanın gözlərinin qarşısında saxladığı bir vasitədir. Onlar iki növ materialdan plastik və şüşədən hazırlanır. Şüşənin də öz növləri var ki, bunlara adi, xamelyon və s. misal göstərə bilərik. Plastik materialdan olan eynəklər yüngül və rahat olmasına baxmayaraq tez sınıb çatlayır. Ona görə də, şüşədən hazırlanan eynəklər daha keyfiyyətli hesab olunur.

Eynəklərin istifadə məqsədi müxtəlifdir. Ondan görmə pozğunluğunu aradan qaldırmaq, gözlərin daha yaxşı görməsini təmin etmək, xarici təsirlərdən müdafiə etmək, elektromaqnit şüalanmalardan qorunmaq və ya sadəcə aksesuar məqsədilə istifadə olunur. Eynəklərin optik, gün, yüksək müdafiəli və s. kimi təyinatları var. Şüşə, polikarbonat plastikdən və akril plastikdən düzəldilən eynəklər ən təhlükəsiz və istifadə üçün yararlıdır. Mövsümü olaraq daha çox istifadə olunan gün eynəkləri isə əsasən ultrabənövşəyi şüaları udan хüsusi materialdan hazırlanmalıdır. Lakin satışda olan eynəklərin bir qismi plastmasdan, adi tünd şüşədən hazırlanır ki, bu materiallar günəş şualarını udmaq qabiliyyətinə malik deyillər və insan sağlamlığı üçün təhlükəlidir.

AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara eynək alarkən mütəхəssislərlə məsləhətləşməyi tövsiyə edir. Çünki keyfiyyətsiz eynək göz хəstəliklərinə səbəb ola bilər. Belə ki, bu eynəklər gözün bülluruna pis təsir edir, gələcəkdə kataraktanın yaranmasına səbəb olur, insan beynində yorğunluq yaradır, hətta şiş хəstəliyinin yaranmasına da yol açır. Eynək gözə düşməyəndə isə ilkin əlamətlər gözün qızarması, sulanması, quruması kimi mənfi əlamətlərlə özünü büruzə verir. Nəticədə gözə ağırlıq düşür. Eynəyin rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıçıqlanmasına, iltihaba səbəb olur. Sonrakı prosesdə göz bülluru bulanır və görmə zəifləyir. Yaşa dolduqca keyfiyyətsiz gün eynəklərinin fəsadları daha qabarıq üzə çıxır və görmə üçün problemlər yaradır. Ona görə də eynəklərin ixtisaslaşmış mağazalardan alınması daha məsləhətlidir.

Eynək alarkən mütləq onun etiketinə diqqət yetirin. Nəzərə alın ki, gün eynəyinin etiketində ultrabənövşəyi şüaların hansı qisminin buraхılmaması göstərilir. Eynəyin təlimatında linzanın günəş şüalarını hansı dərəcədə – zəif, orta və ya güclü – udduğu da qeyd olunur. Həmçinin eynəyin sertifikatına nəzər salmaq kifayətdir ki, onun saхta olub-olmadığını müəyyən etmək olsun. Nəzərə alın ki, eynəklər gigiyenik sertifikatı olduğu halda satılmalıdır.

Eynək alarkən ilk növbədə onun rənginə və çəkisinə fikir verilməlidir. Eynəklər nə tünd, nə də açıq rəngdə, yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır. O, həmçinin qoruyucu xüsusiyyətinə malik, gün şüalarını qıran, gözü qamaşdırmayan, gözləri rahatladan və onlara istirahət verməlidir. Eynəyin şüşəsi cızıldığı zaman, o, öz keyfiyyətini itirir. Belə ki, cızılmış yerlərdən ultra-bənövşəyi şüalar gözə təsir edir. Buna görə eynək alarkən buna diqqət edin və cızılmış eynəkdən istifadə etməyin.

Eynəyin keyfiyyətli olub-olmamasını müəyyən etmək xeyli çətindir. Amma qeyd olunanlarla yanaşı, bəzi xüsusiyyətlərinə görə bunu təyin etmək olar. Məsələn, qəhvəyi rəngli eynək taxmısınızsa və əgər eynək keyfiyyətlidirsə, onda siz ətrafda olan əşyaları öz rənglərində görəcəksiniz. Amma əgər eynək keyfiyyətsizdirsə, onda siz ətrafda olan əşyaları qəhvəyi rəngdə görəcəksiniz. Sağlamlığınızın qayğısına qalmaq istəyirsinizsə eynək alarkən qeyd olunan məsələlərə diqqət edin(azərtac).
 
Aktual.az
Xəbər 1031 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR