“ABŞ-ın dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi “liderlər buna hazır deyillər” açıqlaması bizdə təəssüf hissi doğurur və məyusedicidir”.
Aktual.az xəbər verir ki, bunu Azərbaycan prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Xəzər Xəbər”ə açıqlamasında deyib.
Dövlət rəsmisi bildirib ki, bu açıqlama ABŞ-ın münaqişənin həllində üzərinə götürdüyü missiyaya uyğun deyil. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ABŞ üzərinə müəyyən öhdəliklər götürüb. Bu öhdəliklər ilk növbədə, BMT Təhlükəsilik Şurasının daimi üzvü kimi qurumun çıxardığı 4 qətnamənin icrasından irəli gəlir. Digər tərəfdən, Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biri kimi vasitəçilik missiyasını üzərinə götürüb.
Əli Həsənov bildirib ki, Con Kerrinin açıqlaması bu statuslara ziddir: “Bu, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üzərlərinə götürdükləri öhdəlikdən və bu öhdəliyin məsuliyyətindən müəyyən mənada boyun qaçırmaqdır. Məsuliyyəti münaqişə tərəflərinin liderlərinin üzərinə atmaqdan başqa bir şey deyil. Bu, yolverilməzdir. Yolverilməzdir ona görə ki, beynəlxalq hüquq norması var. Beynəlxalq hüquq normasına dövlətlərin əməl etməsinə məcbur edən beynəlxalq hüququn çərçivəsi var”.