Sentyabrın 23-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə keçirilən “İnsani Dəyərlərin Tətbiqi Konfransı” öz işini davam etdirib.
ATƏT üzvü olan 57 ölkənin rəsmi şəxslərinin, nazir və səfirlərinin, habelə QHT rəhbərləri, jurnalist və hüquq müdafiəçilərinin qatıldığı bu dəfəki müzakirələrdə sərbəst toplaşmaq azadlığı, hüquq müdafiə təşkilatları və insan haqlarının müdafiəsi mövzuları müzakirə olunub.
Tədbirdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov kəlbəcərli əsirlər barədə danışıb və Ermənistan hökumətini sərt tənqid edib.
Rəsmi Yerevanın beynəlxalq qaydalara hörmət etmədiyini bildirən ADİHİ rəhbəri daha sonra ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer və Freedom House təşkilatının rəhbəri Devid Kramerə müraciət edərək, onların kəlbəcərli əsirlər barədə mövqe ortaya qoymalarını istəyib və ABŞ nümayəndələrini cəsarətsizlikdə ittiham edib.