Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyindən uzaqlaşdırılmasyla böyük bir cinayətkar dəstənin ölkəni şoka salan dəhşətli əməlləri üzə çıxdı.
Hazırda MTN-in ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş Prokurorluğun məlumatına görə, qeyd olunan faktlar üzrə MTN-dən qovulan 19 sabiq vəzifəli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə həbs olunub, 1 nəfər ev dustağı edilib, istintaqdan yayınan 1 şəxs barəsində axtarış elan edilib.
Ölkənin bəzi sabiq nazirləri məlum "MTN işi"nə münasibət bildirsələr də, 1995-2004-cü illərdə milli təhlükəsizlik naziri olmuş Namiq Abbasov hələ də susqunluğunu qoruyur.
Amma onun bu hadisələr haqda ən xırda bir açıqlaması belə, böyük maraq doğurur.
Aktual.az modern.az-a istinadən bildirir ki, MTN ətrafında baş verən hadisələrə Namiq Abbasovun hansı səbəblərdən münasibət bildirmədiyini öyrənib. Namiq Abbasov qəti surətdə son vaxtlar baş verən hadisələr barədə hələlik danışmayacağını söylədi.
"Milli Təhlükəsizlik Nazirliyində baş verən bu hadisələrlə bağlı çıxış etməyim məsləhət deyil. Məhz ona görə ki, mən MTN-dən getdim, o, (Eldar Mahmudov-red.) gəldi. Sonra bu qədər hadisələr oldu. Mənim danışmağım oradan getdiyim üçün incimiş adamın çıxışı kimi anlaşılacaq. Bu barədə danışmağı lazım bilmirəm. Müsbət də nəsə deyə bilmərəm. Bu barədə mən yox, kənar adamlar danışsa, doğru olar. Hadisələr sovuşana, tamam sakitləşənə qədər qəti surətdə çıxış etməyəcəm. Bax o zaman nəsə bir rəy bildirə bilərəm".
Aktual.az