Parlament seçkiləri yaxınlaşdıqca deputat olmaq iddiasında olanların sayı artır.
Xüsusən deputatlığı dövründə heç bir aktivlik göstərməyən, Milli Məclisin plenar və komitə iclaslarında bir dəfə olsun çıxış etməyən, seçiciləri ilə təmasdan yayınan deputatların dairəsindən qalib olmaq uğrunda mübarizə daha da qızışır.
Aktual.az-ın əldə etdiyi məlumata görə, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsini parlamentdə təmsil edən deputat Ərəstun Cavadov bu dəfə seçkilərdə namizəd olaraq iştirak etməyəcək. Cəmiyyətdə daha çox biznesmen kimi tanınan Ərəstun Cavadov bundan sonra yenidən biznes fəaliyyətilə məşğul olmaq, əvvəllər rəsmi, sonradan isə qeyri-rəsmi sahibi olduğu “Mərkəzi Univermaq” ASC-yə rəhbərlik etmək niyyətindədir.
Biznesmen-deputatın seçki marafonundan geri çəkilməsi bu dairədən deputat olmaq iddiasında olanların sayını artırır.
Bəzi mətbuat orqanlarında bu dairədən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovun YAP-ın siyahısında yer alacağı iddia olunsa da, əslində ARDŞ vitse-prezidenti ümumiyyətlə parlament seçkilərinə qatılmaq niyyətində deyil.
Əldə etdiyimiz məlumata görə, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən əsas iddiaçı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İsgəndərov olacaq.
Bir müddət adı “nurçuluq”da hallanan keçmiş komitə sədri buna qədər Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin I katibi, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Katibi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olub.
Ötən parlament seçkilərində adıçəkilən dairədə hazırki deputat Ərəstun Cavadova əsas rəqiblərdən olan E.İsgəndərov bu dəfə mandat almaqda israrlıdır və onun bu məqsədlə müvafiq dairələrdən razılıq əldə etdiyi iddia olunur.
Adnan/ Aktual.az