Ermənistanın ikinci prezidenti Robert Köçəryan dünən İrəvandakı "Moskva” kinoteatrında vətəndaşlarla görüşüb.
Aktual.az xəbər verir ki, görüşün vətəndaşların xahişi ilə təşkil edildiyi bildirilir. Qapalı keçən görüşə jurnalistlər buraxılmayıb.
R.Köçəryan kinoteatrın arxa girişindən binaya daxil olub. Görüşdə Aram Vardevanyan, Aqnesa Xamoyan, Anna Qriqoryan da iştirak edib.
"Hraparak” qəzeti görüşlə bağlı bəzi təfərrüatlar əldə edə bilib. Məlumata görə, vətəndaşlardan biri Köçəryana sual verib ki, o, nə vaxt aktiv siyasətə qayıdacaq, xalqa rəhbərlik edəcək və ölkəni bu ağır vəziyyətdən çıxaracaq?
"Siz deyirsiniz ki, mən yenə lider olmalıyam və mənim rəhbərliyimlə irəli gedək? Halbuki, sizin dedikləriniz real mənzərəni əks etdirirmir, yəni hamının eyni fikirdə olub-olmamasından əmin deyiləm. Əgər həqiqətən də belədirsə, bəli, mənim vaxtımdır, bayrağı götürüb irəliyə aparmalıyam”, - deyə Köçəryan cavab verib. O əlavə edib ki, hazırda bütün xalqın necə idarə olunması ilə bağlı dəqiq qiymətləndirməsi yoxdur.
"Başa düşürsünüz ki, mən bu qiymətləndirmələrdə səhv etsəm, növbəti uğursuzluğumuz olacaq, sonra hamınız məndən bunun niyə belə olduğunu soruşacaqsınız?
Amma əgər xalq artıq ayılıbsa, bəli, başlayacağıq, tamam başqa templə, fərqli şüarlarla başlayacağıq”, - deyə Robert Köçəryan əlavə edib.
Görüşdə Köçəryan Paşinyan hakimiyyətinin nüfuzdan düşdüyünü də qeyd edib:
"44 günlük müharibədən sonra xalqın heç nə etmədiyi ilə bağlı deyilənlərlə razılaşmıram, bütün bu müddət ərzində siz vuruşmusunuz. Bu hakimiyyətin 90 faizdən çox reytinqi məhz sizin mübarizəniz nəticəsində xeyli aşağı düşüb”.
Köçəryan görüşdə iştirak edən vətəndaşlara müraciət edərək deyib: "Camaat, mən sizə bir sual vermək istəyirəm: bura toplaşanlardan kim Baş Qərargah rəisinin adını, korpus komandirlərindən birinin adını bilir? Əksəriyyət bilmir. Əgər camaat döyüşən ölkənin ordusunun komandirlərinin adlarını bilmirsə, bu o deməkdir ki, xalqın orduya ümidi yoxdur. Onlar bir dəsmal ilə dəyişdirilir. Bu hakimiyyətə sağlam insanlar lazım deyil. Birinci müharibədə ordumuzun bütün komandirlərinin adlarını hamı bilirdi, bilməyən yox idi. Ordu gözdən salındı, hamı dəyişdirildi. Vəziyyət belə olduğu müddətdə hərbi sahədə uğur qazana bilməyəcəyik. Düşmən indi bizə başqa gözlə baxır. Bu müharibədən əvvəl bütün Tavuş korpus komandiri Xaçaturovu tanıyırdı, onu uzaqlaşdırdılar, artıq orduda yoxdur”.
Eks-prezidentin yaxın günlərdə mətbuat konfransı keçirəcəyi bildirilir.
Xəbər 318 dəfə oxunub.