Getdikcə daha çox ölkə Cənubi Qafqaz bölgəsinə diqqət yetirməyə maraq göstərir.
Aktual.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili slovakiyalı həmkarı Peter Pelleqrini ilə mətbuata birgə açıqlamasında deyib.
O, Gürcüstanın Cənubi Qafqazdakı rolunun mühüm olduğunu qeyd edərək ölkənin apardığı sülh siyasətinin bölgənin imkanlarını daha da artırdığını bildirib.
Prezident vurğulayıb ki, mürəkkəb və sürətlə dəyişən geosiyasi mühitdə Gürcüstanın Orta Dəhlizin əsas halqası kimi artan potensialı daha da böyük əhəmiyyət kəsb edir.
"Orta Dəhliz mövzusu Gürcüstan olmadan ağlasığmazdır. Bu, həm Gürcüstan, həm də qonşu ölkələrimiz üçün böyük potensialdır", - Kavelaşvili əlavə edib.
O həmçinin bildirib ki, Cənubi Qafqazın üç ölkəsi regionun dünyanın ən cəlbedici bölgələrindən birinə çevrilməsi üçün hər şeyi edəcək. Prezident Gürcüstanın qonşuları ilə çox yaxşı münasibətlərinin olduğunu vurğulayıb.
"Bölgədə əsrlərlə birgə yaşayan xalqlar sülhü bərqərar edə biliblər. Regionun imkanları çox əhəmiyyətlidir və onlar hər kəs üçün aydındır", - Kavelaşvili əlavə edib.
Xəbər 48 dəfə oxunub.