Tanınmış telejurnalist Aytəkin Alxaslı müsahibə verib. Milli.Az azvision.az-a istinadən xanım jurnalistlə müsahibəni təqdim edir:
- Aytəkin xanım, neçə ildir bu sahədəsiniz?
-Gələn il jurnalistikada olmağımın 30 ili tamam olacaq. 18 ildir ki, ANS televiziyasının Qusar bürosunun müxbiri işləyirəm. Avqustun 1-də 18 ilim tamam oldu. Təəssüf ki, həmin günü ANS-siz qeyd etdim.
-Necə qeyd etdiniz?
-Həmin günü qeyd etmədim. Çünki ürəyimcə olmadı, 18 il işlədiyim sevimli işimdən ayrılmışam. Düzdür, bu ayrılıq müvəqqətidir. Ümid edirik ki, işimiz bərpa olunacaq. Mənə sual verirlər ki, iş yerin bağlandı, niyə Qusardan öz rayonuna - Şəkiyə getmirsən? Ümidlə yaşayıram. Belə bir söz var: ümid sonda ölür. Mənim hələ ümidim ölməyib.
- Maddi durumunuz necədir?
-Hələlik çətinliyim yoxdur. Mənim iki qardaşım, iki bacım var. Onlar mənə dəstək olurlar. Amma mənəvi aclıq çəkirəm. Mənəvi böhran içindəyəm.
-Səbəbini bilmək istərdik...
-Ac deyiləm, paltarsız deyiləm. Elə bil ki, mən bir burulğana düşmüşəm. Bu yaşıma qədər cəmi bir gün istirahət nədir, bilməmişəm. Təsəvvür edin, iyulun 18-dən bu günə qədər işsizəm, yaradıcılıqla məşğul olmuram. ANS bağlanandan sonra bir neçə iş təklifi oldu, amma qəbul eləmədim. ANS-in açılacağına inanıram. Qəmli notlara köklənmək istəmirəm.
-İş təklifləri televiziyalardan idi, yoxsa?..
- Sözün açığı, ANS-dən başqa heç bir yerdə işləmək istəmirəm. Demirəm ki, hanısa telekanal, mətbuat orqanı pisdir. Sadəcə getmək istəmirəm.
- Geridə qoyduğunuz 18 ildə ANS sizə nə qazandırdı? Yaxud nə itirdiniz?
-İndi insanları tanımaq üçün yaxşı məqamdır. Ömrün boyu yaxşılıq etdiyin insandan ancaq diqqət gözləyə bilərsən. Təəssüf ki, heç adi diqqət də görməyəndə insana pis təsir edir. Mənim üçün mənəvi dəstək hər şeydən üstündür. Heç vaxt maddi dəstəyə ehtiyac duymamışam. Ehtiyacım olsa da bunu heç kimə hiss etdirməmişəm. Bu gün mənim cibimdə pul az ola bilər. Amma mən heç vaxt icazə verməmişəm ki, cibimə haram pul girsin. İşsizlik mənə bəzi insanları tanımaq üçün fürsətdir. Kimin dost, kimin düşmən olduğunu anladım. Özünü dost göstərənlərin əsl üzlərini gördüm. Bəziləri heç yada da salmırlar. Mənim qəlbim, beyinim işsiz deyil.
-Gününüzü necə keçirirsiniz?
- Boş vaxtlarımda yazı-pozu ilə məşğul oluram. Hazırda öz xatirələrimi qələmə alıram. Mənəvi baxımdan mən işsiz deyiləm. İllərlə ürəyimdə qalanları vərəqə köçürürəm, kitab yazıram.
-Belə başa düşdüm ki, öz həyatınızdan kitab yazırsınız...
-Bəli, fürsətdən istifadə edib, həyatımı qələmə alıram. Çətin yol keçmişəm. Kitabın yeganə qəhrəmanı özüməm. Orada üzləşdiyim, yaşadığım çətin günləri, problemləri yazıram.
-Həyatda ən böyük çətinliyiniz nə olub?
-Mən 7 dəfə imtahan verdikdən sonra jurnalistikaya qəbul olmuşam. Şəxsi həyatımı bu sənətə qurban vermişəm. Böyük məmnuniyyətlə ailə həyatı qura bilərdim. Mən ANS-lə, işimlə, sənətimlə ailə həyatı qurdum. Peşman da deyiləm.
-Bundan sonra ailə həyatı qurmağı düşürsünüzmü?
-Bundan sonra qətiyyən ola bilməz. İstəmirəm. Əlbəttə, hər kəs evlənməli, ailə həyatı qurmalıdır. Mənim sevgilim, həyat yoldaşım işim idi. Bu, bir həqiqətdir. Ailə qurmaq planımda yoxdur. Amma həyatdır, hər an hər şey ola bilər. Mən yaxşı qismət gözləmirəm. Bəzən yaxşı qismət insanın öz əlində olur. Artıq o səhifəni bağlamışam.
- Telekanal rəhbərəliyi ilə münasibətiniz necədir?
-Mirşahin müəllim mənə həmişə dəstək olub. Nəzərə alaq ki, o, mənim tələbə yoldaşımdır. Onunla tez-tez əlaqə saxlayırıq, səmimi görüşlərimiz olur. Ümumilikdə rəhbərliklə münasibətim yaxşıdır, problemim olmayıb.Onlar məni yaxşı tanıyırlar. Məndə özümü gözə soxmaq yoxdur.
- ANS bağlanandan sonra bir çox jurnalistlər özlərinə yeni iş yeri tapdılar. Onlar komandanı tək qoymaqla doğrumu etdilər?
-Bəziləri gizlin şəkildə getdi. Bəziləri isə qayıdacaqlarını bəyan edərək getdilər. Ehtiyacları, kredit borcları var. Mən onları qınamıram. Amma çətin günlərimizdə gedənlərə yaxşı baxmıram. Gedirsənsə, niyə qayıdırsan?
-18 il eyni yerdə işləmək asan məsələ deyil. Görünür, saçınızı bu işdə ağartmısınız?
-Saçım ağarıb. Özümə baxmağı sevmirəm. Bu mənim həyat rərzimdir. Yaxın günlərdə stilimi dəyişəcəyəm, saçımı rəngələyəcəm. İki il öncə mən anamı itirmişəm. Anamdan sonra saçım ağardı. Analar müqəddəsdir. Atamı isə 15 il əvvəl itimişəm. Müəllim ailəsində böyümüşəm. Atam camış saxlayaraq filalogiya elmləri namizədi olub.
Aildə beş uşağıq. Çox çətinliklə ali təhsil almışıq. Atamız halal pulla bizi böyüdüb. Anam həmişə mənə deyirdi ki, sən atana oxşamısan, sözü üzə deyirsən. Tələbə vaxtı çətin günlərim çox olub. Bizə ayda 100 manat göndərirdilər. Həmin pulla evin kirayə pulunu verirdik, yerdə qalan pulla dolanırdıq. O qədər çətin günlər yaşamışam ki, deməyə söz tapa bilmirəm. Pul, var-dövlət arzusu ilə yaşamamışam. Ancaq iş barədə düşünmüşəm. Şükürlər olsun ki, kasıb olsam da, başım dik olub. Kimdənsə rüşvət alıb, yanında üzüqara qalmamışam. Anamın dediyi kimi, kişi kimi mərd yaşamışam.
Rəhmətlik anam həmişə məndən nigaran olub. İndi də tez-tez yuxularıma girir. Hiss edirəm ki, anamın ruhu narahatdır.
Aktual.az