Dünən çox dəyərli tanışlarımdan biri ilə qarşılaşmışam. Ağbirçək adamdır. Baxıram, yeriməkdə əməllicə çətinlik çəkir. Soruşuram, ay anam, sən axı insultdan sonra normal müalicə almışdın, tam düzəlmişdin, indi nədir bu vəziyyət? Cavab verir ki, son 3 gündür belə olmuşam. Təyyarə qəzası ilə bağlı xəbərləri izləyəndən sonra. Ayağım yer tutmur, quruyur, donur. Hərdən sanıram, həmin təyyarədəki oturacaqlardan birinə sıxışıb qalmışam, elə bilirəm, indi yardım düyməsini basacağam və Hökümə qızım dərhal gəlib mənə kömək edəcək...
Bəzən insan adi bir kinonun təsirindən çıxa bilmir. Hansısa fraqment, epizod beyində ilişib qalır və görəndə ki, artıq lazım olmayan qədər irəliləmisən, dərhal özünə təsəlli verməyə nəsə tapırsan. Məsələn, " kinodur da, aktyor orada rol oynayıb pul qazanır, mən isə burda fikir çəkirəm” kimi üsullarla.
Amma bir də var, reallıq. Hansı ki, nə geridönüşü var, nə müalicəsi, nə də təsəllisi. Oldu və bitdi. Nöqtə. Son.
Bir dəfə internet üzərindən oxumuşdum, virtual maşın oyununun yaradıcısından soruşublar ki, real həyatda maşın sürməklə, oyunda maşın sürməyin əsas fərqi nədir? Cavabı belə olub: "Oyunda 3 canın var, real həyatda isə sadəcə 1....”
Kaş qəhrəman Kşnyakinin də 3 canı olaydı. Böyük bir KAŞ! ...İnanın, o birinci həmlədə 30 can xilas etdisə - halbuki bunun özü belə dünyanın ən böyük möcüzələrindən biridir – ikinci, üçüncü cəhddə təyyarəni tam heyətlə, sağ-salamat ünvana çatdırardı...
Hərdən o fikirlərə də tez-tez rastlayıram ki, "biz o valideynlərin nə çəkdiyini bilirik...”
Xeyr, mənim əzizlərim! Mümkün deyil! Hə, dərdə şərik olarıq, ağlayarıq, dərman içərik, faciənin miqyasını anlayarıq... Fəqət, əmin olun, onların nə çəkdiyini bilmək üçün sadəcə onların yerində olmaq lazımdır. Çünki bu insanlar hətta övladı ağır xəstə olan valideynlərdən belə daha çətin vəziyyətdədirlər. O anlamda ki, birinin barı faciə öncəsi toparlanmaq üçün zamanı olur, digəri isə xəbəri qəfil alır...
Yəni dərddən böyük dərd var....
Hadisədən dərhal sonra siyasi partiyalar bəyanat yaydı. Başsağlığı bəyanatı. Təfsilatı niyə xüsusi vurğulayıram? Çünki burada başsağlığından və faciə üzüntüsündən savayı həqiqətən heç nə yox idi.
Tam 24 partiya. Hər kəs tərəddüdsüz, sorğu-sualsız imza atdı. Sadəcə 2 partiyadan başqa. Və onlar da bu səbəbdən (?!) kənarda qaldılar ki, özlərini bizdən bilmirlər, bizi bəyənmirlər, bizimlə eyni vərəqdə imza həmrəyliyi göstərmək istəmirlər...
Bu nə bəsit yanaşmadır, bu nə cəllad təfəkkürüdür, bəylər?! Niyə? Səbəb?
Başsağlığı vermək ayıbmı işdir? Siyasətin və güman ki, hətta iqtidar və müxalifət anlayışlarının belə varlığından, necəliyindən xəbərsiz olan 13 yaşlı Məhəmmədəlinin, təyyarədəki sərnişinlərin canını öz canından üstün tutan Kşnyakinin, üzü ölümə getdiyini bilə-bilə yenə də peşəkarlığına sadiq qalan və uzun müddət beynimizdən silinməyəcək kövrək səsi ilə "hər şey yaxşı olacaq” söyləyən Hökümənin faciəsinə üzülmək qəbahətdirmi? Əsl günahkarların tapılmasını, hadisə ilə bağlı bütün təfərrüatların ciddi şəkildə araşdırılmasını, mövzunun gündəmdən əsla və əsla çıxmamasını tələb etmək utanılacaq bir işdirmi?
Hələ "Azadlıq radiosu” qəza ilə bağlı kollaj yayıb. Təsəvvür edirsinizmi? Kollaj!
Nə deməkdir bu? Hara qədər enməkdir bu? Rəzilliyin hansı dərinliyində qərarlaşmaqdır bu?
Gerçəkdən, sözün bitdiyi yerdir.
Elə hər mənada.
Tək bildiyim odur ki, Tanrı İlham Əliyevi bu millətə və bu dövlətə çox görməsin.
50 cəbhədə vuruşur bizlər üçün.
50 cür namərdlə mübarizə aparır, Azərbaycanı hifz eləmək, qorumaq üçün.
Və min şükür, bu döyüşlərin hamısından qalib ayrılır...
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev
Xəbər 121 dəfə oxunub.