“Kaş ki, o jurnalist ölməyəydi” – İkiqat dünya çempionu

“Kaş ki, o jurnalist ölməyəydi”  – İkiqat dünya çempionu
  • İDMAN

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, ikiqat dünya çempionu Güloğlan Cabbarovun Aktual.az-a müsahibəsi

-   Güloğlan müəllim, ilk Avropa Oyunlarından sonra Azərbaycana qarşı beynəlxalq təzyiqlər artdı. Sizcə, bunun səbəbi nədir?

-  İlk növbədə onu qeyd etmək istəyirəm ki, birinci Avropa Oyunları nəinki ölkəmiz, Avropanın özü üçün əlamətdar bir hadisədir. Bu oyunlar avropalı idmançılar arasında həmrəyliyə nail olunması, eyni zamanda onların peşəkar vərdişlərinin artırılması baxımından vacib hadisədir. Çox sevindirici haldır ki, ölkəmiz bu sınaqdan da üzüağ çıxdı. Çox qısa müddətə birinci Avropa Oyunlarına ən yüksək səviyyədə hazırlaşa bildik. Yarışlar çox möhtəşəm səviyyədə təşkil olundu. Sözün əsl mənasında Avropanın özü üçün bir model ortaya qoya bildik. Biz bütün dünyaya nümayiş etdirdik ki, gənc dövlət olmasına baxmayaraq, Azərbaycan Avropanın aparıcı dövlətləri ilə ayaqlaşmağa və mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməyə qadirdir. Heç şübhəsiz harada uğur varsa, orda qısqanclıqlar da olacaq. Bəzi beynəlxalq təşkilatların və xarici mətbuat orqanlarının ölkəmizə qarşı hücumları məhz bu qısqanclıqdan qaynaqlanır. Xüsusən Avropada müəyən təsir imkanlarına malik erməni lobbisi hər vəchlə ölkəmizin bu uğurlarına kölgə salmağa çalışır. Amma gerçəklik ondan ibarətdir ki, heç bir təxribatçı qüvvə bizi haqq yolundan döndərə və əldə etdiyimiz uğurlara kölgə sala bilməz. Biz bunu dəfələrlə təcrübədə görmüşük. Çünki ölkəmizin əldə etdiyi hər bir uğur cənab Prezident İlham Əliyevlə xalqın həmrəyliyinə söykənir. Çox təəssüf edirəm ki, daxildə olan bəzi satqınlar da bu prosesə dəstək verdilər. Həmin insanlara azərbaycanlı deməyə adamın dili gəlmir və onlarla ermənilərin heçm bir fərqi yoxdur. Fürsətdən istifadə edib, bir idmançı və vətənini sevən Azərbaycan vətəndaşı olaraq bu mötəbər uğura görə, cənab Prezident İlham Əliyevə və birinci Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya təşəkkür edirəm.

-    Ölkəmiz qarşıda daha bir beynəlxalq idman tədbirinə, İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bir idmançı kimi, bu oyunlarından gözləntiləriniz nədir?

-  Gəlin etiraf edək ki, birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində ölkəmizdə müasir və beynəlxalq standartlara cavab verən idman mərkəzləri tikilib istifadəyə verildi. Açıq etiraf etmək lazımdır ki, bu mərkəzlər istənilən səviyyəli beynəlxalq idman tədbirlərinin keçirilməsinə imkan verir. Bu mənada ölkəmizə olan maraq da artır. İslam Həmrəyliyi Oyunları Azərbaycanın artıq bir idman ölkəsi olaraq dünyada rolunun artdığını göstərir. Paytaxtda və regionlarda yaradılan şərait Azərbaycanın minimal xərclərlə dünya səviyyəli idman yarışlarına ev sahibliyi etməsinə imkan yaradır. Nəzərə alanda ki, müasir dünyada idman artıq bir siyasətdir və hər bir keçirilən beynəxalq idman tədbiri ölkəmizin beynəlxalq miqyasda rolunu daha da artırır. Digər yandan bu yarışlar turistlərdə ölkəmizə qarşı böyük maraq yaradır. Bu da heç şübhəsiz dövlətimizin iqtisadi baxımdan güclənməsinə gətirib çıxarır.

-   Ölkənin aparıcı futbol klublarından birində - “Neftçi”də rəhbər vəzifə tutmusunuz. Yəqin ki, jurnalist Rasim Əliyevin futbolçu Cavid Hüseynov tərəfindən döyülməsi və vəfat etməsi xəbəri də diqqətinizdən yayınmayıb...

-    Sözümüzü kəsir... Bu xəbəri dərin təəssüf hissi ilə, böyük sarsıntı ilə qarşıladıq. Allahdan dünyasını dəyişən jurnalist Rasim Əliyevə rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Kaş ki, O, ölməyəydi. Cavid Hüseynova gəldikdə isə onun hərəkətinə bəraət qazandırmaq mümkün deyil. Hazırda o, həbsdədir və məsələ ilə hüquq-mühafizə orqanları məşğul olur. Azərbaycan hüquqi dövlətdir. İdmançı olmaq, hər hansı sahədə tanınmaq heç kəsə qanunları pozmağa, insanların heysiyyatı ilə oynamağa imkan vermir. Heç şübhəsiz bu məsələ araşdırılacaq və günahkar şəxslər öz layiqli cəzalarını alacaqlar.

-  Qarşıdan parlament seçkiləri gəlir. Maraqlıdır, Güloğlan Cabbarov Milli Məclisdə kimləri deputat kürsüsündə görür?

-  Milli Məclisə seçkilər mojaritar qaydada keçirilir və 125 dairədən millət vəkili parlamentə mandat qazanır. Hər bir dairə üzrə mənim ayrı-ayrılıqda fikir bildirməyim doğru olmazdı. Son sözü seçicilər deyəcək və bu məsələ ilə bağlı sorğu mərkəzləri, QHT-lər fikir yürüdə bilərlər. Hazırki deputatlardan Mehriban Əliyevanın, Adil Əliyevin, Qənirə Paşayevanın, Səyavuş Novruzovun fəaliyyətini çox yüksək qiymətləndirirəm. Onlar öz işinin öhdəsindən ləyaqətlə gəldilər və çox istərdim ki, yenidən mandat qazansınlar. Digər yandan idmançıların da parlamentdə təmsil olunmasına ehtiyac var. Heç olmasa beş idmançı ali qanunverici orqanda təmsil olunmalıdır.

-   Hansı idmançıları Milli Məclisdə görürsünüz?

-  Azərbaycanda ictimai baxımdan aktivlik göstərən kifayət qədər idmançılar var ki, onlar parlamentdə təmsil olunmağa layiqdirlər. Bu sırada İlham Zəkiyevin, Namiq Abdullayevin, Fərid Mansurovun, Rövşən Hüseynovun və digərlərinin adlarını çəkə bilərəm.

 Adnan/Aktual.az

Xəbər 37859 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR