Kapuçino köpüyündə gizlənən xoşbəxtlik

Kapuçino köpüyündə gizlənən xoşbəxtlik

 
Nərmin Zeynallı
 

Hər səhər öz dəmlədiyin çayın qoxusuyla oyanmaq, pəncərədən günəşi, quşları və oyanan şəhəri izləmək. 
Romanı yaşamaq, hər küncündən, hər dar küçəsindən ilhamlanmaq...


Romada binalar hündür olmadığı üçün göyqurşağının başıyla sonunu görə bilirsən məsələn, kim istəməz?


 Bu şəhər bir imperiyanın süqutundan danışır sənə, böyük bir gücün əriyib getməsindən.. həmçinin bu şəhərin dəfələrlə yıxılmasına baxmayaraq yenə ayaqlanmasından.. 
İmperiyanın dağınıq parçaları hər yerdədir, xəyalət kimi səni izləyir və xatırladır.. mən dağıldım, söküldüm, parçalandım.. və yenidən şəhər oldum.

  Yaralardan doğan şəhər-insan daha da güclü olur mu nə?

  Romada tələsməməyi öyrənirsən.. Həyatla qaçdı-tutdu oynamadan yaşamağı. Buranın insanı çox iddialı deyil, minimalistdir. Balaca maşınlarıyla balaca kafelərə gəlib bir qurtumluq fincanlarda ayaqüstü qəhvə içməkdən zövq alır. Mənim xoşbəxtliyim isə böyük fincandakı kapuçino köpüyündə gizlidir. Ən şeirsəl dadlardan biridir bu, inanın.. Dad şeirsəl olurmuş..


  Dad demiş İtaliyanı yazmaq və yeməklərdən danışmamaq kulinar günah olsa gərək. Çox dərinə getmədən yaşıl pestolu pasta və Napoli pizzası deyəcəm, not alın :)


  Bir də həyata baxışınızı dəyişəcək, gündəlik həyatınıza yeni dondurma perspektivindən baxmağı sizə öyrədəcək Gelatolar var burda. 


  Romanın olayı Pantheon meydanında fontana əyləşib Venchi dondurması yeyərək meydan musiqiçilərini dinləməkdir. Qulağa nağıl kimi gəlir amma yüzlərlə turistə selfie çubuğu satmağa çalışan Bangladeşli qardaşlarımız bizi reallığa qaytarır ara-sıra. Əslində onları izləmək də gözəldir, o selfie çubuğunu satma əzmi, o hərarətli yer dəyişmələr bizə 300 spartalını xatırladaraq daha da uzaqlaşdıra bilir buralardan.

   
  Roma meydanlar şəhəridir. Vaxtılə gladiator savaşlarına, antik milli məclislərə ünvan olan meydanlar bu gün insanların görüş yeridir. Bu şəhərdə demək olar ki, alış-veriş mərkəzi yoxdur. Buranı tükəticilər sevməz. 


  Roma klassik əsər kimidir. Burda yeni modern kafelərə çox rast gəlməzsiniz. Amma burada Stendhal, Goethe, Wagner, Gogol kimi bir çox sənətkarın yığışıb fəlsəfə etdiyi kafelərin aura payından ala bilərsiniz.


  İtaliyada muzeylərə getməyə çox böyük bir ehtiyac yoxdur. Çünkü dahilərin əsərlərini görmək üçün kilisələrə girmək və ya meydanlarda gəzmək də kifayətdir. Piazza Navonadakı Bernininin sənət əsəri olan fontan, ixtiyari basilicadakı frescolar çox dəyərlidir. Vatikanın San Pietrosu, Florensiyanın Duomosuna giriş pulsuzdur. 


Romanın hər bucağında tarix gizlidir.. Flame Towerlər, Park Bulvarlar axtarışında olanlar bura gəlməsin, müasir tikilər belə şəhərin ruhuna uyğundur. Sənayə, kapital şəhəri deyil bura, tarix və incəsənət gizlidir hər pəncərəsində.. Trendlər, brendlər üçün də istiqaməti bir az daha şimala - Milana yönəldin.


  Avropada içilən suyun bahalı olduğu heçkəsə sirr deyil. Romada şəhərin 100-ə yaxın nöqtəsində pulsuz bulaqlar var, yanınıza boş su qabı almağı unutmayın. Su insanındır, tarix insanındır, yaşıllıqlar insanındır burada.. 

  Roma insanlar şəhəridir..
Xəbər 2049 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR