Müğənni Samir Piriyevin şoumen Kamran Həsənli ilə məhkəmə işində adı hallanan teleaparıcının Türkiyədə yaşayan bacısı Gülər Həsənli Bakıya gətirilib.
Bu haqda Axşam.az saytına açıqlama verən S.Piriyevin hüquqşünası Ruslan Əhmədoğlu bildirib ki, G.Həsənli Bakı Şəhər Baş Polis İdarəsində dindirilib:
“Bir neçə gün əvvəl Gülər Həsənli axır ki, Bakıya gətirilib və istintaqa ifadə verib. O, Bakı Şəhər baş Polis İdarəsində dindirilib. Əvvəllər göstərilən məsələlərlə bağlı suallara Gülər xanım heç də Kamran Həsənlidən fərqli cavablar verməyib.
Xanım istintaqa elə bir ifadə verdi ki, onların bu işi planlı şəkildə qurduqları ortaya çıxdı. Onların Samir Piriyevin pulunu planlı şəkildə, dələduzluq yolu ilə və etibarından sui-istifadə edərək aldıqları açıq-aşkar bəlli oldu. Gülər xanım ifadəsiylə Kamran Həsənlini daha çətin vəziyyətə saldı. Yaxın günlərdə istintaqın gedişatı barədə Samir Piriyevin vəkili Ceyhun Yusifov tərəfindən geniş açıqlama veriləcək”.
Aktual.az xəbər verir ki, musavat.com saytına məsələ ilə bağlı danışan teleaparıcınn vəkili Türkel Süleymanlı bildirib ki, Gülər Həsənli polis vasitəsilə deyil, ifadə vermək məqsədi ilə gəlib:
“Gülər bura polis zoru ilə gətirilməyib, özü öz ayağı ilə gəlib və ifadə verib. Kimsə deyirsə ki, Gülər polis tərəfindən gətirilib, yalan deyir. Vətəndaş kimi, şahid qismində dəvət olunub, o da vətəndaş kimi gəlib. Qarşı tərəf şantaj məqsədi ilə Gülərin adını hallandırıb. İlk öncə yalandan dedilər ki, Kamran onları aldadıb. Görəndə ki, iş obyektiv gedir, Daxili İşlər Nazirliyinə şikayət etdilər. DİN də istintaqı Bakı Şəhər baş Polis İdarəsinə verdi. Onlar iddia edirlər ki, Azərbaycanda müstəntiqlər Kamrandan qorxur. Mən keçirdiyimiz mətbuat konfransında da demişdim, necə olur ki, müstəntiqlər Eldar Mahmudovdan, Akif Çovdarovdan, Fərhad Əliyevdən qorxmurlar, Kamran Həsənlidən qorxurlar? Nə axmaq söhbətdir bu? Kamranı bacısı ilə vurmaq istədilər. Biz Samirin keçmiş həyat yoldaşının polisə gəlməsini istəməmişdik ki, bu məsələ kişi söhbətidir. Amma onlar işə Güləri qatdılar. Biznesdi, hər şey ola bilər. Burada dələduzluqdan söhbət gedə bilməz”.
Qeyd edək ki, Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini, onun bacısı Gülər Həsənlinin istintaqdan yayındığını bildirib. Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.
// Aktual.az