Bu gün Səbael rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərcivəsində həbs edilən futbolçu Cavid Hüseynovun məhkəmə prosesi davam edib.
Aktual.az lent.az-a istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə mərhum jurnalist Rasim Əliyevin anası Teyfurə Əliyeva ifadə verib.
Teyfurə Əliyeva ifadəsində bildirib ki, Cavidə cinayəti bilib gizlətməsi ilə bağlı iş açılıb: “Əgər ona bu maddə ilə iş açılıbsa, deməli, bu cinayətdə onun əli var. Cavid bilirdi ki, Elşən bundan əvvəl də bıçaqlama hadisəsi törədib, cəmiyyətə yararsızdır. Bunları nəzərə alsaydı, ən azından, qohumlarına deyərdi ki, Elşəni qoymayın getsin. Deməyibsə, deməli, bu işdə maraqlı olub”.
Bunun ardınca T. Əliyeva prokuror və vəkillərin suallarını cavablandırıb. O bildirib ki, Rasimi görüşə Elşən çağırıb. Ancaq daha öncə Cavid Rasimə deyib ki, Elşən gəlib ondan üzr istəyəcək.
Daha sonra Cavid Hüseynov qısa çıxış edib. O bildirib ki, Rasimlə normal danışıb, bir-birini anlayıblar: “Elşənə də demişəm ki, get təslim ol, hər şeyi olduğu kimi danış. Bu barədə yazışmalar da istintaqa təhvil verilib”.
Digər 4 nəfər şahid məhkəməyə gəlməyib. C.Hüseynovun vəkili bununla bağlı vəsatət qaldırıb. Vəsatət təmin edilib və növbəti prosesdə həmin şəxslər məcburi qaydada iştirak edəcək.
Məhkəmə aprelin 27-də davam etdiriləcək.
Qeyd edək ki, jurnalist Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə davam etdirilir.
Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasıji və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılıb.
Cinayətdə digər təqsirləndirilən şəxslərin barəsində olan cinayətj işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun icraatında baxılıb.
C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.
Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.