Jurnalist olmaq istəyənlərin imtahanı başladı

Jurnalist olmaq istəyənlərin imtahanı başladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirir.

Aktual.az  bildirir ki, Komissiyadan Trend-ə verilən məlumata görə, bu mərhələdə 2016 cı ilin aprel ayının 1-dən 28-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edəcəklər.

İmtahan Bakı şəhərində və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay və Şirvan, Xaçmaz şəhərlərində təşkil olunub.

Abituriyentlər imtahanda iştirak etmək üçün tələb olunan "İmtahana buraxılış vərəqəsi"ni TQDK-nın internet saytından (https://eservices.tqdk.gov.az/brxvjur/?frm=egov) çap edirlər. Bu sənəddə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub.

Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11:00-da başlayır və 2 saat 30 dəqiqə davam edəcək.

Jurnalistika ixtisasına qəbul olmaq üçün 815 abituriyent qeydiyyatdan keçib. Onlardan 539 nəfəri III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Bu mərhələdə iştirak edəcək abituriyentlərdən 129 nəfərini oğlanlar, 410 nəfərini qızlar təşkil edir. 509 abituriyent Azərbaycan, 30 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.

Xəbər 302 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR