İL MƏRASİMİN ÇATDI, AĞA. SƏNİN YOXLUĞUNUN MƏNƏVİ BOŞLUĞUNU "ÇİYNİMDƏN KƏSİLƏN QOL YERİ KİMİ" HİSS EDİRƏM...
...Ağacın kökləri nə qədər sağlam və dərindirsə, onun gövdəsi də güclü olur, daha çox yüksəyə ucalır, günəşdən daha çox işıq və istilik alır, daha çox qollu-budaqlı olur.
...Kim deyir ki, insanlar ağaclara oxşamırlar? Görkəmli insanların, tanınmış ailələrin nəsil şəcərəsini gözümüz önünə gətirdikdə onun qollu-budaqlı, çoxəsrlik çinar ağacına bənzəyişini görürük. Agam da vüqarlı xan çinar ağacına bənzəyirdi.
***
Ata itkisi hər yaşda ağırdır və bu ağırlığın fiziki və maddi yükündən mənəvi əziyyəti çoxdur. Səni itirməyin mənəvi zərbəsindən hələ də özümə gəlməmişəm. İndinin özündə də hərdən sənin yoxluğunun mənəvi boşluğunu böyük türk şairi Nazim Hikmət demişkən, "çiynimdən kəsilən qol yeri kimi" hiss edirəm...
***
Mənim üçün həyatın ən ağır dərdi atamı itirmək oldu. Bunu həddindən artıq ağırlıqla qəbul etdim. Atamın yeri görünür. Elə bil ki, insanın özünü tanıması üçün valideynləri yanında olmalıdır. Boşluğa düşdüm, çıxa bilmirəm. Onun məsləhətinə, tənqidlərinə ehtiyacım var. Valideyn itirməmişdim deyə çətin gəldi. Allah anamın canını sağ eləsin.
***
Zamanın tez keçməsini o qədər arzulayıram ki. Çünki ömrümdən gedən hər il, ay, gün, saat, dəqiqə məni sənə yaxınlaşdırır. Mən bilmirəm nə zaman sənə çatacam. Bütün hallarda hər kəsin sən olduğun dünyaya gələcəyi kimi, mən də gələcəm. Bir təsəllim bu. Digər təsəllim isə anamın varlığıdır. Sənin ətrini aldığımız, sənin də çox istədiyin anamın…
***
Sən rəhmətə gedəndə şivən qoparmadım. Göz yaşlarım gah yanaqlarıma, gah da ürəyimə axdı...
İçimdən bir dərd boylandı - "anam tək qaldı...
***
Nə qədər ki, sən var idin, bəxtəvər idim. Səndən sonra həyata baxışlarım dəyişdi. Bütün itkiləri, acıları artıq başqa cür duyuram. Bir qədər daşlaşdım, həyatı əvvəlkii kimi ciddiyə almıram. Artıq nə itirəcəyimi fikirləşmirəm. Çünki ən böyük İNSANIMI itirdim, ən böyük itkimi verdim. Sən gözlərini əbədi yumandan sonra mənim üçün həyat dondu.
***
"Ağa, sənə bir şey olsa, ölərəm” deyirdim. Amma mən sənsiz ölmədim. Buna görə bağışla məni. Bir də... Bir də bağışla, səni qoruya, sənə düçar olduğun bəlanl deyə bilmədiyim üçün. O dünyada görüşənədək…
***
Biz səndən doymağa macal tapmamış bu həyatı tərk etdin...
Amma qayğısını və sevgisini qazana bildiyin ailənin, övladlarının, dostlarının xatirələrində əbədi yaşayacaqsan.
Əziz ATA, bu vəfasız dünyada sən mənə əziz olan və məhəbbət hissiylə yaşadığım ən doğma insansan. Bu həyatın sevincini və kədərini daha səninlə bölüşə bilməyəcəyim üçün məni əfv et...
"Həyatda ümidini, imanını itirmə. Allaha həmd et, həyatında nə baş verdiyindən asılı olmayaraq, hər zaman Onun sədaqətinə, mərhəmətinə güvən, oğlum” deyirdin. Odur ki, bu həyatı xoşbəxt yaşamaq üçün Tanrıya dua edirəm...
Bu son nöqtə deyil. Çünki bir gün mən də bu dünyanı tərk edəcəm... Gec, ya da tez hər birimiz dünyamızı dəyişəcəyik, cənnət bağlarında qovuşacağımıza ümid edirəm...
Miraslan Əzizxanoğlu
Xəbər 1152 dəfə oxunub.