IV Beynəlxalq İncəsənət Sərgisinin açılışı - Qəbələdə

IV Beynəlxalq İncəsənət Sərgisinin açılışı  - Qəbələdə

Azərbaycan Mədəniyyəti Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə dekabrın 19-da Qəbələdə IV Beynəlxalq İncəsənət Sərgisinin açılışı olub. 

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu il Azərbaycanda ilk dəfə olaraq keçirilmiş Birinci Avropa Oyunlarına həsr edilən “İdman, gözəllik və həyat” mövzusundakı sərgidə dünyanın 19 ölkəsini - Azərbaycan, Almaniya, Belarus, Çexiya, Estoniya, Gürcüstan, Koreya, Qazaxıstan, Latviya, Meksika, Monteneqro, Özbəkistan, Pakistan, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya və Yunanıstanı təmsil edən 112 rəssamın 137 əsəri nümayiş etdirilir. Heydər Əliyev adına Konqres Mərkəzində təşkil olunan sərginin açılış mərasimində “Azərbaycan dövlətçiliyi və mədəniyyəti” adlı sənədli film nümayiş olunub. Mərasimdə çıxış edən SEBA-nın sədri Ruhəngiz Heydərova hər il keçirilən bu tədbirin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Ruhəngiz Heydərova bu sərginin mədəniyyətimizin genişmiqyaslı təbliği istiqamətində reallaşdırılan layihələrin davamı olduğunu bildirib, tədbirin keçirilməsinə yaxından köməklik göstərən Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlıq edib. SEBA-nın 10 illik fəaliyyəti dövründə gördüyü işlərdən danışan Ruhəngiz Heydərova bildirib ki, ötən ilki sərgi ilə müqayisədə builki tədbirdə iştirak edən rəssamların, onların təmsil etdiyi ölkələrin sayının artması onu göstərir ki, dünyada bu layihənin ideyasına olan maraq ildən-ilə artır. Bu isə öz növbəsində Azərbaycana, incəsənətimizə olan diqqətin daha bir göstəricisidir. O cümlədən bu tədbir Azərbaycanla müxtəlif ölkələr arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinə şərait yaradır.

Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sərgi iştirakçılarına təbrik məktubunu oxuyub. Anar Ələkbərov ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, incəsənətinə verdiyi dəyər, rəssamlıq və heykəltəraşlıq sənətinin inkişafı ilə bağlı gördüyü işlər, prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mədəni irsimizin qorunub saxlanılması, mədəniyyətimizin, incəsənətimizin, musiqimizin dünyaya tanıdılması sahəsindəki xidmətlərindən danışıb.

Gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan, Rusiya və SSRİ Xalq Rəssamı, akademik Tahir Salahov, Koreyanın ölkəmizdəki səfiri Kim Çanq Gyu, Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov, Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov çıxış edərək bu beynəlxalq incəsənət sərgisinin mədəniyyətlərarası dialoqun tərkib hissələrindən biri olduğunu bildirib, bu incəsənət bayramının ənənəvi olaraq keçirilməsini arzulayıblar. Natiqlər rəngarəng sənət əsərlərinin nümayiş olunduğu bu sərginin qonaqların yaddaşında daim qalacağına, Qəbələnin gözəl və füsunkar təbiətinin rəssamlar üçün ilham mənbəyi olacağına ümid etdiklərini bildiriblər.

Çıxışlardan sonra sərginin açılışını bildirən rəmzi qırmızı lent kəsilib və rəsm əsərlərinə baxış keçirilib. Sərginin tərtibatı, nümayiş olunan rəsm əsərləri tədbir iştirakçılarında xoş təəssürat yaradıb. Mütəxəssislər sərginin peşəkarcasına təşkil olunduğunu bir daha qeyd ediblər. Sərgi iştirakçısı olan rəssamlara sertifikat təqdim olunub. Sərgidə nümayiş etdirilən əsərlərin əksəriyyətinin satışı nəzərdə tutulub. Beynəlxalq sərgi 2016-cı il yanvarın 7-dək davam edəcək.

Qeyd edək ki, mərasimdə Milli Məclisin deputatları, dünya şöhrətli kino ulduzu, məşhur Hollivud aktyoru Stiven Siqal, eləcə də dövlət və hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.







Aktual.az

Xəbər 1466 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR