Günorta yeməyindən sonra bir-iki saat istirahətləri ilə tanınan italyanların bu ənənələrinə nə qədər düşkün olduqları bir qəsəbənin verdiyi qeyri-adi qərarla növbəti dəfə sübut olunub.
Aktual.az xəbər verir ki, ölkənin cənubundakı Kampania bölgəsində yerləşən Kantrone qəsəbəsində “siesta” saatlarında itlərin hürməsi qadağan edilib. Bu qadağan qərarı bələdiyyə başqanı Nikola Pastorenin əmri ilə alınıb.
Bələdiyyə başçısı günortadan sonra saat 14:00-16:00 aralığındakı “siesta” saatlarında ətrafı narahat edəcək şəkildə hürən itlərin sahiblərinə pul cəzası veriləcəyini bildirib. Qadağaya görə, o saatlarda hürən itlərin sahiblərinə 25-dən 500 avroya qədər pul cəzası kəsiləcək.
Eyni zamanda, ev, bağça və ferma gözətçisi olaraq istifadə olunan itlərin yoldan keçənləri narahat etməməsi xəbərdarlığı da edilib. (axar.az)