Rusiyanın Sankt-Peterburq şəhərində toyundan bir həftə sonra yoxa çıxan azərbaycanlı gəlinlə bağlı yeni məlumatlar ortaya çıxıb.
Aktual.az aznews.az-a istinadən bildirir ki, 23 yaşlı Gülnarə Həbibovanı öz həyat yoldaşı qətlə yetirib. Sonra isə onun itkin düşməsi barədə polisə məlumat verib.
Gülnarə Həbibova Sankt-Peterburqda aprelin 22-nə keçən gecə itib. Məlumata görə, axşam saatlarında Gülnarə anası ilə telefonla danışıb və deyib ki, 34 yaşlı həyat yoldaşı Samirə yemək hazırlayır.
Samir və Gülnarə aprelin 15-də evləniblər və bundan sonra qız həyat yoldaşının Marşal Jukov prospektində yerləşən mənzilinə köçüb. Bir həftə sonra isə cavan gəlin yoxa çıxıb.
22 aprel səhər saatlarında Gülnarə tibb institutuna dərsə getməli imiş, lakin artıq bu zaman onun mobil telefonun zəng çatmayıb. Samirin sözlərinə görə, həyat yoldaşı səhər evdən çıxıb, lakin hara getdiyini o bilməyib.
O zamandan Gülnarə Həbibova haqda bir xəbər olmayıb. Qızın valideynləri, dostları, könüllülər və polislər onu 1 aydan çox müddətdə axtarıblar.
Bu gün isə Samir Həbibov Gülnarə Həbibovanın qətlində şübhəli bilinərək saxlanılıb. İstintaq rəsmi bəyanatla çıxış edərək bildirib ki, Gülnarə itməyib və evdən qaçmayıb. "Mayın 26-sı Samir Həbibov aprelin 22-si Marşal Jukov prospektində yerləşən mənzildə Gülnarə Həbibovanı qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb", - deyə Peterburq üzrə Rusiyanın İstintaq Komitəsinin Baş İstintaq idarəsinin rəsmi nümayəndəsi Sergey Kapitonov "Komsomolskaya Pravda" qəzetinə bildirib.
Məlumata görə, hazırda Samir ifadə verir, onun günahını etiraf edib-etmədiyi haqda məlumat yoxdur.
// Aktual.az