Taksi fəaliyyəti ilə məşğul olan Göyçay rayon sakinini öldürən şəxslər tutulublar.
Aktual.az xəbər verir ki, Göyçay Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Çayarxı kənd sakini, 1955-ci il təvəllüdlü İsayev Cavid İsa oğlu idarə etdiyi 10-MM-203 dövlət nömrə nişanlı, "Mercedes" markalı şəxsi minik avtomobili ilə avqustun 3-də axşam saatlarında Bakıdan Göyçaya müştəriləri gətirərkən naməlum şəkildə itkin düşüb. Ölkənin bütün şəhər və rayonlarının polis əməkdaşları tərəfindən itkin düşən şəxsin, onun avtomobilinin və qatillərinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Nəticədə hadisəni törətməkdə şübhəli bilinən, Samux rayon sakini, 1994-cü il təvəllüdlü Hacıyev Akif Səxavət oğlu və 1984-cü il təvəllüdlü, Bərdə rayon sakini Quliyev Elvin Rəşid oğlu tutularaq istintaqa təhvil veriliblər.
"Mercedes" markalı avtomobil Ağcabədi rayonunun Hindarx kəndi ərazisindən, sürücü Cavid İsayevin meyidi isə Abşeron rayonunun Pirəküşkül qəsəbəsi ərazisində tapılıb. Hadisənin tamah məqsədilə törədildiyi bildirilib. Məlumata görə, cinayətkarlar sürücünü öldürərək quldurluq yolu ilə əldə etdikləri avtomobili əvvəlcə satmaq istəyiblər. Niyyətləri alınmadığı üçün avtomobili Ağcabədidə kimsəsiz bir yerə ataraq qaçıblar.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.