SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərdən 3-nün cəsədi tapılıb.
Bu barədə "APA-Economics"ə "Azneft" İstehsalat Birliyindən məlumat verilib.
Tapılan şəxslərin kimliyi barədə hələlik məlumat verilmir.
Bununla bağlı detallı açıqlama saat 16:00-da keçirilən brifinqdə veriləcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında isə bildirilir ki, bu gün saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib, cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.
Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın vaxtlarda sahilə çatdırılacaq. Axtarış əməliyyatı davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
15:59
Onlardan ikisinin adıaçıqlandı
Fövqəladə Hallar Nazirliyinin helikopteri bu gün saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə dənizdə 6 nəfərin cəsədini aşkar edib.
Aktual.az nazirliyin saytına isttinadən xəbər verir ki, həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılıb. Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın zamanda sahilə çatdırılacaqr. Axtarış əməliyyatı davam etdirilir. Əlavə məlumat veriləcək.
***
15:34
“Günəşli” yatağında baş verən faciə zamanı itkin düşən neftçilərdən üçünün cəsədi tapılıb.
Aktual.az-ın AzVision.az-a istinadən məlumatına görə, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı sosial şəbəkədəki hesabında məlumat yayıb.
O, qeyd edib ki, cəsədlər dənizdən çıxarılıb və hazırda şəxsiyyətləri dəqiqləşdirilir.
Rəsmi məlumata görə, yataqda baş verən hadisə zamanı 32 neftçi xilas olunub, bir nəfər həlak olub, 29 nəfər isə itkin düşüb. İtkin düşənlərin axtarışları hələ də davam edir.