“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 3 gəmisi axtarışlar aparır.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.
Bildirilib ki, axtarışlar bir nəticə verməyib.
Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və BP-yə məxsus 2 gəmi yanğının söndürülməsi ilə məşğuldur. Fövqəladə Hallar Nazirliyinin (FHN) 1 gəmisi həmin ərazidə monitorinq aparır.
Həmçinin Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvəsi Pirallahı ərazisində sahilboyu axtarışlar aparır.
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 10 nəfərin cəsədi tapılıb.
Hazırda itkin düşən neftçilərin axtarışı davam etdirilir.