Azər Həsrət
Azər Həsrət, [email protected]Deyirlər, günlərin birində məşhur qəzəlxan Əliağa Vahidin sevimli iti ölür. Bunu eşidən dostları onunla məzələnmək qərarına gəlirlər ki, gedib şairə başsağlığı verək.
Belə də edirlər. Vahidin evinə – başsağlığına gəlirlər. Şair də işin əslini dərhal anladığından söz altda qalmır. Arvadını haylayır ki, bəs, “itin qohum-qardaşı gəlib, bir çay dəmlə”. (Deyilənlərə görə başsağlığına gələnlər Səməd Vurğun və Cəfər Xəndan olubmuş.)
Bu it məsələsini yenidən aktuallaşdıran şəxs Niyaməddin Orduxanlı oldu. Ötənlərdə Facebook divarında bir paylaşım edib bəzi siyasi oyunbazlara müraciətlə “it ölüsündən də istifadə edirlər” demişdi. Mən də yazmışdım ki, “it ölüsünün ümidinə qalanlar yazsaydın”…
Həqiqətən, bu gün ölkədə bir kəsim var ki, onlar öz siyasi iddialarını əsaslandırmaq və tərəfdar toplamaq üçün it ölüsündən belə istifadə etməkdən çəkinmirlər.
Yəni bu qədər aşağı enməyə məcbur olublar.
Bütün mümkün və abırlı üsulları boşa xərcləyiblər, heç nə alınmayıb. İnsanlar, xüsusən də siyasi fəal kəsim bunları yaxşı tanıdığından heç bir çağırışlarına, əməllərinə reaksiya vermir.
Ona görə də heyvansevərlərin hislərinə xitab etmək qərarına gəliblər. Ki, bəlkə alına. Amma yenə də alınmayacaq.
Bizim belə düşünməyə haqqımız var. Əgər onlar doğrudan da itlərlə bağlı olayda siyasi məqsədlər aramasaydılar, biz də həmin sırada olardıq. Lakin görürük ki, bu adamlar bu olaydan belə Azərbaycanı gözdən salmaq üçün istifadə edirlər.
Bəri başdan deyim ki, itlərin yandırılmasını aşkara çıxarıb ictimailəşdirənlərin məqsədi heç də siyasi deyil. Onlar bir qrup həqiqi heyvansevərdir ki, belə məsələlərdə çox həssasdırlar. Amma proseslər göstərdi ki, marığa yatmış bəzi uğursuz siyasi çevrələr bu cür hadisələrdən belə istifadə edəcək qədər aşağı enə bilirlər.
Onu da ayrıca vurğulayım ki, şəxsən özüm də heyvansevər birisiyəm və ən adi qarışqanın belə incidilməsinə biganə deyiləm. Yəni baş verən olayın uyğunsuz davranış hissəsini mən də qınayıram.
Amma! Amma bu olayın 1-ci Avropa Oyunlarının ayağına bağlanmasını qəti qəbul etmirəm!
Sual edəcəksiniz ki, kim belə edir? Başda “Azadlıq” radiosu olmaqla onların çevrəsindəkilər!
Radio özünün Facebook səhifəsində “Olimpiya Oyunları ərəfəsində Bakıda küçə itləri tutularaq yandırılır” başlığı altında bir video təqdim etmişdi.
"Azadlıq" radiosunun qızışdırıcı təqdimatı

“Azadlıq” radiosunun qızışdırıcı təqdimatı
Uzun illərin jurnalisti, üstəlik də beynəlxalq jurnalistika normalarına yaxından bələd olan birisi kimi hər şeyi bir tərəfə qoyub bu cür təqdimatın peşə etikasıyla daban-dabana zidd olduğunu xüsusi vurğulamaq istərdim. Belə bir başlıq (təqdimat) əsassız olmaqla bərabər həm də qızışdırıcıdır ki, özünə jurnalist deyən heç kəs belə hala yol verməməlidir!
Ötən yazımda da qeyd etdiyim kimi, itlərə qarşı hansısa zorakılıq baş veribsə belə, bunun Avropa Oyunlarıyla əlaqələndirilməsi başqa şeydən xəbər verir. Yəni Avropa oyunları olmasaydı küçə itlərinin zərərsizləşdirilməsi baş verməyəcəkdimi? Yaxud bu proses başqa illərdə baş verməyibmi?
Yəqin ki, hər il sahibsiz küçə itlərinin zərərsizləşdirilməsi istiqamətində hərəkətlər olub. Şəxsən özüm 2 il öncə həyətimizdəki itlərin güllələnməsinin şahidi olmuşam və etiraz da etmişəm. Yəni bu əməl hansısa beynəlxalq tədbirin olub-olmamasına baxmayaraq həyata keçirilir.
Demək istədiyim odur ki, “Azadlıq” radiosunun təqdimatı ictimaiyyəti qızışdırmaq və Avropa Oyunlarıyla bağlı proseslərə kölgə salmaq məqsədi daşıyır. Elə olmasaydı həvəslə müzakirə açıb bu oyunlara vurğu etməzdilər.
Dediklərimizi təsdiq etmək üçün radionun təbliğatının qurbanı olmuş bəzi şəxslərin şərhlərinə diqqət etmək yetərlidir.
Məlum videonun altında biri yazır: “Mən artıq nifrət edirəm bu olimpiya oyunlarına”.
Başqa birisi deyir: “İtlərə qayğı göstərən o qadın mənim üçün bütün oyunlardan şərəfli və dəyərlidir”. Söhbət videonu çəkmiş heyvansevərdən gedir.
Növbəti şərhdə oxuyuruq: “Bu olimpiya oyunları bizi lap bezdirdi. İnsanları incitməkləri az edib, küçə heyvanlarına da imkan vermirlər rahat yaşamağa”.
Saxta ad altında yazdığı hər halından bəlli olan daha bir şərhçi isə əsl qızışdırıcılıq edir: “Əslində bu videonu saxlayıb olimpiadaya gələn qonaqlara təqdim eləmək lazımdır ki, siz gəlməmişdən qabaq görün heyvanların başına nə oyunlar açırlar. Qoy biyabır olsunlar, olimpiada keçirməklərinə peşiman olsunlar. İngilislər heyvan sevəndirlər. Allah qabağınıza çıxartsın bu vəhşiliyi təşkil edənlərə”.
Məlum videonun altında bu qəbildən olan şərhlər yetərincədir. Amma onu da deyək ki, min dörd yüzdən artıq şərhin heç də hamısı bu olayın Avropa Oyunlarıyla əlaqələndirilməsinə biganə qalmır, “Azadlıq” radiosunun süni ajiotaj yaratmaq cəhdini anladığı üçün yetərincə tutarlı cavab verir.
Örnək üçün, şərhlərdən birində deyilir: “Siz də elə bir şey olan kimi Avropa Oyunlarını atırsız ortaya. İşıq yanmır, Avropa Oyunları. Qaz kəsilib, Avropa Oyunları. Siqaretin qiyməti qalxıb, Avropa Oyunları. Kimsə soyundu, Avropa Oyunları. Dəhşətsiz…”
Bəli, “Azadlıq” radiosu indi məhz bu missiyanı yerinə yetirməklə məşğuldur. Bir şey olan kimi dərhal Avropa Oyunlarıyla əlaqələndirirlər ki, Azərbaycanı gözdən salsınlar. Amma anlaşılan odur ki, insanlar artıq bu təbliğata o qədər də yenik düşmür.
Yeri gəlmişkən, məlum videonun altındakı şərhlərdə böyük hesabla diqqət çəkən bir məqam da var: özəlliklə qızışdırıcı şərh yazanların demək olar ki, əksəriyyəti saxta adlar altında gizlənir. Hətta bəziləri ingilis, alman adlarından istifadə etməklə yaşayış yerlərini Afrikada, Amerikada göstərirlər.
Amma təmiz Azərbaycan dilində yazırlar. Bu yaxınlarda AXCP-dən istefa vermiş Razi Nurullayevin məlum saxta Facebook profilləri haqqında dediyi məsələ olmasın? Üslub filan da çox uyğun gəlir zatən…
Yazımın sonunda qeyd etmək istərdim ki, ölü itlərin yandırılması olayı bir qrup heyvansevərin həqiqi ürək yanğısı üzündən ictimailəşdirilib ki, problem həll edilsin. Amma “Azadlıq” radiosu bu olaydan da ölkədə siyasi ajiotaj yaratmaq üçün istifadə etməkdən çəkinmədi. Bu yolla da bir daha göstərdi ki, özünü azad media kimi təqdim edən bu təbliğat vasitəsi heç də jurnalistikaya, ifadə azadlığına xidmət etmir. Əksinə, vətəndaş qarşıdurması yaradıb Azərbaycan kimi sivil bir dövlətə qara yaxmaq missiyasını həyata keçirir bu qurum. Nə yazıq ki, bəzi insanlarımız hələ də həmin təbliğatın tələsinə düşməyə davam edirlər.
Hər kəs düşünsün barı. Öz təbliğatlarında it ölüsünə belə möhtac qalanların iddialarının arxasınca getməyə dəyərmi?…
Sözardı: Bizim iddialarımızı gücləndirəcək bir hal da müşahidə etdik. Heyvansevər dostlarımızdan birinə artıq Bakı Avropa Oyunları üçün tikilmiş stadionun çökməsi haqqında sevincli bir xəbər göndərib “oxxay” deyən də oldu. Yəni, gördünüzmü, itləri öldürənlərin stadionu çökdü. Bundan sonra da məsələnin mahiyyətini anlamayanlar qalacaqsa, daha mənim sözüm yoxdur…