Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının Azərbaycana yeni təyin olunmuş səfiri Filip Stalderi qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, görüşdə səfir etimadnaməsinin surətini nazirə təqdim edib.
E.Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu bildirib. O, iki ölkə arasında siyasi dialoqun və siyasi məsləhətləşmələrin mütəmadi əsasda aparılmasının və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
F.Stalder ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. O, İsveçrənin vaqon, sement istehsalı, əczaçılıq, tikinti və digər sahələr üzrə ixtisaslaşmış şirkətlərinin uğurla Azərbaycanda fəaliyyət göstərdiklərini qeyd edib.
Görüş əsnasında yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb.
Aktual.az