İstəyirəm, sənin olmaq və sənə tabe olmaq - ETİRAF

İstəyirəm, sənin olmaq və sənə tabe olmaq  - ETİRAF

Günel Emin

Bilirsən, nə istəyirəm?!

Bilmirsənsə, yazım, sən bil…

İstəyirəm, bu dünyada insanlardan uzaq olmaq, yalnız qalmaq, sən və mən, ikimiz. Nə mobil telefon olsun, nə planşet, noutbuk, internet, unutsun bizi bir neçə günlük hamı… Yada düşməyək az müddətə olsa belə…

İstəyirəm, təbiəti, meşələri, şəlaləni, çaya tullanmaq, şəlalənin altında dayanmaq, su yuyub aparsın məni aydınlıq dünyasına, ağaca çıxmaq, ordan meyvə dərib yemək, sənin üçün aşağıya atmaq, gur səslə qışqırmaq, sonra ağlamaq, göz yaşlarım bitincə, içdən dərin bir ah çəkmək, sonra heç nə olmamış kimi sənin gözlərinin içinə baxmaq, gülümsəmək…

İstəyirəm, dağa çıxmaq, zirvəyə qalxmaq, yuxarıdan aşağıya baxıb, yaxşı insan olmağıma və həyatımda olanlara şükür etmək, düz zirvədə oturub quşların uçuşunu izləmək və onlara azad uçuşlarına görə qibtə etmək… Dağdakı müalicəvi otlardan dərmək, qurutmaq, çay dəmləyib içmək…

İstəyirəm, sadəcə susaq, gözlərimiz danışsın, ürək döyüntülərimiz, təbiətin təbii səslərini qulaq asaq, həzz alaq, sonra məni qucaqlayıb deyəsən ki, “Bu yuxu deyil, yanımdasan…”

İstəyirəm, mənə insanlardan, həyatdan danışıb məni tənqid edəsən, tərifləyənim çox olub, tənqid edənim az…

İstəyirəm, həyat yolumdakı işığım, mayakım sən olasan… Fəxr edəsən uğurlarıma, irəli getdikcə, zirvəyə getdikcə mən, əlimdən bərk tutasan, buraxmayasan, yıxılmağa, büdrəməyə qoymayasan…

İstəyirəm, keyfim olmayanda, üzümə məsum baxış və təbəssümünlə baxıb gülümsəyəsən, deyəsən ki, “Üzülmə, səninləyəm… Bu da ötüb keçəcək, sən güclüsən… Fikir vermə…”

İstəyirəm, meşədə çadır quraq, od qalayaq, odun ətrafında oturub, istisində qızınaq, işığında bir-birimizə baxmaqdan doymayaq, başımı çiyninə qoyub sənə deyim: “Məni buraxma, məni tək qoyma, sənə ehtiyacım var… Çox sağ ol ki, həyatımdasan…”

İstəyirəm, mən sənə inandığım kimi sən də mənə inanasan, qısqanclıq olmadan, mübahisə etmədən, dava-dalaş salmadan, şər atmadan, ittiham etmədən, vədlər vermədən, maraqlı, şən, real bir münasibətimiz olsun…

İstəyirəm, dəniz kənarında olaq, yalın ayaqla qum üzərində gəzim, bərabərimdə -yanımda gəzəsən sən də, külək açıq qoyduğum saçlarımı dağıtsın, sənsə başıma əlinlə sığal çəkib, gözümə və üzümə düşən saçlarımı yığışdırasan… Sonra bir yerdə bardaş qurub oturmaq və sənə önümdə duran və mənə baxan simana baxmaq istəyirəm…Sonra birlikdə dənizə baxmaq, içdən rahatlanmaq, dəniz havasını udmaq və dənizin dalğalarına baxmaq…

İstəyirəm, pis günümdə də, yaxşı günümdə də yanımda olasan, hər xəbəri sənlə paylaşım, sənsə mənə “Afərin və ya olar, olmaz” deyəsən….

İstəyirəm, sənin olmaq və sənə tabe olmaq, azad ruhumu itirmədən sənlə birlikdə azad olmaq…

Xəbər 8260 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR