Aktual.az xəzər tv-ə istinadən xəbər verir ki, layihə artıq hazırdır.
İşsizlik sığortası haqqında qanun layihəsi artıq hazırdır. Bu isə o deməkdir ki, yaxın vaxtlarda Azərbaycan vətəndaşları bu sığorta növündən yararlana biləcəklər. İşsizlik sığortası nə deməkdir , kimlərə şamil ediləcək və ona görə əmək haqqından hansı miqdarda vəsait tutulacaq. Bütün bu suallara əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov cavab verib.
Azərbaycanda işsizlərin xüsusi sığortası ilə bağlı qanun layihəsi üzərində son düzəlişlər edilib. Sənəd tam hazırdır və bu həftənin sonunda müvafiq icra orqanlarına təqdim edilməsi nəzərdə tutulur.
Əmək və Əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, müvafiq qurumlarla razılaşma prosesi bitəndə, qanun layihəsi Nazirlər Kabinetinə təqdim ediləcək.
Tarifə gəldikdə isə, nazir bildirib ki, kifayət qədər əlçatan və aşağı bir rəqəm düşünülür. Bununla belə yeni qanuna görə, işsizlik müavinətinin ləğvi təklif olunur. Yəni, ünvanlı sosial yardımın əvəzinə işçinin əmək haqqının bir hissəsindən tutulmaqla onun işsiz vəziyyətinin sığortalanması nəzərdə tutulur. İş yerini itirənlər və iş tapa bilməyənlər aylıq ödəniş ala biləcəklər. Lakin bu, işini son 1 ildə itirənlərə şamil ediləcək və sığorta ödənişinin miqdarına şəxsin işdən çıxma səbəbi də təsir edəcək.
Universiteti bitirib, iş tapa bilməyənlər isə Dövlət məşğulluq xidmətinə müraciət etməlidirlər. 11 gün müddətinə həmin şəxsə cavab gəlmirsə, o işsiz statusuna malik olacaq və minimum həyat səviyyəsinə uyğun olaraq, 136 manat ödəniş alacaq. Sığorta ödənişi alan şəxs hər ay Dövlət Məşğulluq xidmətinə müraciət etməldir. Əks halda onun ödənişi dayandırılacaq. Eyni zamanda, ixtisasa uyğun təklif olunan işlərlə razılaşmayanlara da bu ödənişlər verilməyəcək.