İsrail radiosunda Rəşid Behbudova həsr olunmuş - Veriliş

İsrail radiosunda Rəşid Behbudova həsr olunmuş   - Veriliş

İsrailin “Birinci Radio”su “Musiqili çayxana” verilişi çərçivəsində böyük Azərbaycan müğənnisi, SSRİ Xalq Artisti Rəşid Behbudov haqqında bir saatlıq veriliş hazırlayıb.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, veriliş müğənninin 100 illik yubileyinə həsr olunub. “Musiqili çayxana” verilişinin aparıcısı Emmanuil Süleymanov bildirib ki, Rəşid Behbudov öz səsi və istedadı ilə Azərbaycanı bütün dünyada şöhrətləndirən şəxsiyyətlər sırasında müstəsna yer tutur: “Bu ecazkar səs həmişə nəinki onun özünü, həm də bütün Azərbaycan xalqını zirvələrə yüksəldəcək. Biz Azərbaycana və Azərbaycan xalqına məhz Rəşid Behbudov sayəsində bələd olduq”.

Verilişində iştirak edən Rəşid Behbudovun qızı, Azərbaycanın Əməkdar Artisti Rəşidə Behbudova atası ilə bağlı təəssüratlarını bölüşüb: “Atam nəfəs aldığı kimi yaşayırdı – ürək dolusu və həyat eşqi ilə. Yaşadığı kimi də oxuyurdu – məhəbbət dolu açıq qəlblə. İnsanlara məhəbbət onun nəfəsinə hopmuşdu. Onda insanları maqnit kimi özünə cəzb edən nəsə vardı: sanbalı və ciddiyyəti. Azərbaycan xalqı atamı qəlbən sevir və qiymətləndirirdi. Bu, onun missiyası idi və o, məhz bunun üçün doğulmuşdu. O, zəngin Azərbaycan mədəniyyətini, mahnılarımızı, romansları, operaları, xalq mahnılarını və bir də ki, dünya ölkələrinin mədəniyyətlərini, gözəl melodiya və nəğmələrini şöhrətləndirirdi. Atam Bolqarıstan, Macarıstan, İtaliya, Hindistan, Çin və az qala bütün ərəb ölkələrində olmuşdu. Bu ölkələrin hər birində proqramda nəzərdə tutulan mahnılardan başqa bu ölkənin mahnısını, özü də mütləq həmin xalqın öz dilində oxuyurdu. Rəşid Behbudovun mahnı repertuarı çox geniş idi. Əsas yeri isə, şəksiz ki, Azərbaycan bəstəkarlarının əsərləri tuturdu”.

Verilişin aparıcısı Emmanuil Süleymanov vurğulayıb ki, dekabrın 19-da Rəşid Behbudov ailəsinin iştirakı və Səadət Şükürovanın rəhbərlik etdiyi “Odlar yurdu” İsrail-Azərbaycan truppasının dəstəyi ilə İsraildə ilk dəfə təntənəli gecə olacaq.

“Birinci Radio” dinləyiciləri üçün bir saat ərzində Rəşid Behbudovun repertuarından “Azərbaycan”, “Vətən”, “Lalələr”, “Sənin qara gözlərin”, “Sənə də qalmaz”, “Aylı gecələr”, habelə “Arşın mal alan” filmindən mahnılar səslənib.

Xəbər 674 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR