İspan alimləri donuzdan insana orqan nəqli ilə bağlı araşdırmalarında önəmli uğurlar qazanıblar.
Bu barədə CNN-Türk saytı xarici KİV-ə istinadən xəbər yayıb. Məlumatda bildirilir ki, qarşıdakı bir neçə ildə ilkin mərhələdə donuzdan insana mədəaltı vəzi, qığırdaq, gözün buynuzlu qişası və böyrək nəqli edilə bilər.
Proqnozlara görə, bir neçə ilə donuz orqanı istifadə edən insanların sayı artacaq və orqan nəqlində donuz bir nömrəli heyvan olacaq.
İspan alimi Juan Karlosun rəhbərliyi ilə bir qrup elm adamı, İspaniyanın cənubundakı Mursia şəhərində bir donuz fermasında apardıqları elmi təcrübələrin nəticələrini ilk dəfə mətbuata açıblar.
Juan Karlos bu laboratoriyada yetişdirilən donuzların daxili orqanlarının insan bədəninə köçürülməsi ilə bağlı saysız-hesabsız təcrübələr keçirdiklərini vurğulayaraq, artıq son mərhələyə gəldiklərini və çox yaxın bir gələcəkdə bəzi orqanların nəqlinin mümkün olacağını bildirib.
Donuz ilə insanın daxili orqanları arasında inanılmaz oxşarlıqlar olduğunu vurğulayan doktor Juan Karlos deyib ki, arteriya vasitəsilə qan dövranı donuzlar və insanlar arasında demək olar, eynidir: “Hamiləliyin ilk aylarındakı embrion inkişafı belə, donuzla insan arasında demək olar ki, tam oxşardır”.
Elm adamlarının orqan nəqli ilə bağlı niyə məhz donuzu seçməsinə gəlincə, Juan Karlos nümunə kimi kardiologiyada donuzun ürək qapaqcıqlarından neçə illərdir ki, alternativ olaraq, istifadə edildiyini xatırladıb.
İspan alimi onu da bildirib ki, bu işin etik tərəfi də onları narahat edir və ayrı-ayrı ölkələrdə bu nəqlə necə reaksiya veriləcəyini isə bilmirlər.
Aktual.az