Son bir ayda İsmayıllıya yağıntının normadan artıq düşməsi səbəbindən rayonun Sədiyyan və İstisu kəndlərində torpaq sürüşməsi yenidən aktivləşib.
Aktual.az xəbər verir ki, İstisu kənd sakinləri APA-nın yerli bürosuna bildiriblər ki, torpaq sürüşməsi kəndi üç tərəfdən əhatə edən dağ yamacında baş verir.
Hazırda sürüşmə ərazisi genişlənərək evlər üçün də təhlükəli vəziyyət yaradıb.
Sakinlərdən Həmzə Musayev və Ziyad Əzizovun sözlərinə görə, indiyədək bu ərazilərdə torpaq sürüşməsi qeydə alınmayıb. Torpaq sürüşməsinin İstisu kəndinin şimalındakı dağlıq ərazidə aktivləşməsi sakinləri daha çox narahat edir. Hazırda torpaq sürüşməsi davam edir və getdikcə ərazisi genişlənir.
Sakinlərin həyətyanı sahələrində və meyvə bağlarında böyük yarğanlar əmələ gəlib, yeraltı sular üzə çıxıb. Kənddəki evlərin bir çoxunun torpaq altında qalmaq təhlükəsi olduğundan insanlar təşvişə düşüb. Hazırda kəndin 3 tərəfindəki dağ yamacında torpaq sürüşməsi davam edir və torpaq axını tədricən çökək ərazidəki evlərə doğru hərəkət edir.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayevin sözlərinə görə, son illər İsmayıllıda torpaq sürüşməsi nəticəsində 29 kənddə 184 ev qəzalı vəziyyətə düşüb.
Fövqəladə Hallar Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin birgə rəyindən sonra həmin evlərdə yaşayanların təhlükəsiz əraziyə köçürülməsi barədə qərar qəbul edilib:
"Sürüşmə zonasında yerləşən 184 evdən 81-i tam qəzalı vəziyyətdədir, həmin evlərdən 7-si isə tamamilə dağılıb, 103 evin divarlarında isə iri çatlar əmələ gəldiyi üçün yaşayış üçün təhlükəlidir”.
Aktual.az Xəbər 388 dəfə oxunub.