Sentyabrn 15-dən yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq, Bakı şəhərinin avtomobil yollarında nəqliyyat vasitələri və piyadaların sıxlığının artacağı ehtimalını nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi (BNA) sabahdan gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, məqsəd ilk dərs günü, xüsusən də, səhər saatlarında paytaxt yollarında yarana biləcək avtomobil sıxlığının qarşısını almaq, avtomobil nəqliyyatı vasitələrinin təhlükəsiz və intensiv hərəkətini təmin etməkdir.
"Bunun üçün paytaxtın küçə və prospektlərinə, eləcə də ali və orta təhsil müəsissələrinin yerləşdiyi ərazilərə nəzarət gücləndiriləcək. Bu ərazilərdə avtomobillərin dayanmaması, sıxlığın və tıxacların yaranmaması üçün işıqforlarda "yaşıl dalğa" tədbiq ediləcək", - deyə NİİM-dən bildirilib.
Bununla yanaşı, səhər saatlarında yarana biləcək sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin təhsil müəsissələrinə, iş yerlərinə vaxtında çatmasını təmin etmək üçün Bakı şəhərində müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərə xüsusi göstəriş verilib. Göstərişə əsasən, sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda günün gur saatlarında avtonəqliyyat vasitəsinin sayı artırılmalıdır.
BNA, həmçinin sürücülərdən xahiş edir ki, təhsil müəssisələrinə yaxın, bitişik ərazilərdə avtomobillərin park edilməsi qaydalarına və sürət həddinə ciddi əməl etsinlər.