Elman Nəsirov: “Dünyada vəziyyət heç vaxt indiki qədər təhlükəli olmayıb”
Aktual.az Kaspi-yə istinadən xəbər verir ki, son zamanlar ard-arda baş verən neqativ hadisələr, hətta ən sivil ölkələrdə terror aktlarının baş verməsi dünya düzəninin pozulduğunu deməyə əsas verir.
Politoloq bildirdi ki, hazırda beynəlxalq hüquq işləmir. Bu isə o deməkdir ki, dünyada nizamsızlıq hökm sürür. Ən pisi isə odur ki, müşahidə etdiyimiz vəziyyət idarəolunan xaosdur.
- Sizcə, dünyada ümumi vəziyyətin get-gedə pisləşməsi, terrora məruz qalan ərazilərin genişlənməsi nə ilə əlaqədardır?
- Təəssüf ki, yeni-yeni çağırışlar, təhdid dolu fikirlər səsləndirilir. Bunun fonunda isə arzuolunmaz hallara şahidlik edirik. Deməli, müasir dünyamızda həmin hədələrə qarşı düzgün müdafiə sistemi qurulmayıb. Düşünürəm ki, bunun əsas səbəbi böyük dövlətlərin geosiyasi maraqlarıdır. Onlar terrorun, təhdidlərin, çağırışların nə olduğunu bilirlər. Amma öz maraqları ucbatından adekvat addımlar atmırlar. Beynəlxalq birliklərin üzvlərinə İŞİD haqda sual ünvanlasanız, birmənalı şəkildə onu terrorçu təşkilat adlandıracaqlar. Lakin İŞİD-ə qarşı mübarizə məsələsinə gəldikdə, dediklərinə uyğun davranış sərgiləmələrini müşahidə etməyəcəyik. ABŞ da İŞİD-i terror təşkilatı hesab edir. Amma onlar Əsəd rejimini də İŞİD-ə bərabər tuturlar. Yanaşmalar fərqlidir və Rusiya bunun əksini söyləyir. Onlar İŞİD-i terror təşkilatı adlandırır, həmin qüvvələrə qarşı hava zərbələri endirirlər. Eyni zamanda bildirirlər ki, Əsəd hakimiyyəti İŞİD-ə qarşı real mübarizə aparır. Faktiki olaraq, İŞİD hamı üçün təhlükə mənbəyinə çevrilib. İş o yerə gəlib çatıb ki, bu gün üçün artıq onların öz valyutaları var. Elan ediblər ki, valyutaları “İslam dinarı” adlanır və bir qızıl dinar 139 dollara bərabərdir. İŞİD konkret olaraq, özünü dövlət kimi aparır. Buna səbəb kimi, beynəlxalq birliyin qəti mövqeyinin olmamasını görürəm. Onların özünü İraq Şam İslam dövləti elan etmələri dünyanın gözü qarşısında baş verib. Amma dediyim kimi, geopolitik maraqlar imkan vermir ki, bu təşkilatla lazımi səviyyədə mübarizə aparılsın. Göründüyü kimi, terrorun növbəti məkanı Paris oldu. İŞİD ona görə Fransanı hədəf seçdi ki, o ölkədə xeyli narazı qüvvələr var. Xatırlayırsınızsa, 2005-ci ildə Fransada ciddi etirazlar təşkil olunmuşdu. Hətta vəziyyət o yerə çatmışdı ki, Jak Şirak fövqəladə vəziyyət elan etmişdi. Yəni orada terror aktlarının həyata keçirilməsi üçün münbit şərait var. Fransada terrorun təşkilinin daha böyük beynəlxalq rezonansa səbəb olacağı da məlum idi. Ona görə də orada terror hadisəsinin təşkili İŞİD üçün effektiv hesab olunur. Bununla diqqəti özlərinə cəlb etmək və qarşı tərəfi adekvat addım atmağa sövq etmək istəyirlər. Belə olan vəziyyətdə Fransa miqrantlara qarşı çox sərt siyasətə başlaya, qapıları onların üzünə bağlaya bilər. Avropada islamafobiya güclənər. İŞİD məhz bunu istəyir. Çünki belə olan vəziyyətdə İŞİD özünü qəhrəman kimi təqdim edəcək. Bu isə tərəfdarlarının sayının artmasına səbəb ola bilər. Buna “bulanıq suda balıq tutmaq” siyasəti deyilir. Bu hadisələrdə ən böyük məsuliyyət lider dövlətlərin üzərinə düşür. Onlar terrorizmin nəticəsi ilə mübarizə aparırlar. Heç kim səbəblə, motivlə mübarizə aparmır. Niyə terrorizmin əmələ gəlməsi üçün münbit şərait yaranır? Ən acınacaqlı məsələ budur.
- Belə versiyalar var ki, terroru Qərb özü təşkil edib. Bu cür hadisə Qərbə nə dərəcədə lazım idi?
- ABŞ-da 11 sentyabr hadisələri baş verəndən sonra administrasiya özü də ittiham olunurdu, əsil təqsirkar adlandırılırdı. Deyilirdi ki, Əl-Qaidənin, Usama Ben Ladenin təkbaşına, dövlətin iştirakı olmadan terror həyata keçirməsi mümkün deyil. Amma bunlar subyektiv yanaşmalar hesab olunur və deyilənlər təsdiqini tapmır. Çünki məlum qruplaşmalar məsuliyyəti öz üzərinə götürürlər. Ben Laden dedi ki, bunu mən etmişəm, lazım gəlsə bundan da çox işlər görəcəyəm. İndi də belə fikirlər var ki, son hadisələrdən sonra ABŞ və Avropa ölkələri uzunmüddətli planlar həyata keçirəcəklər və bundan “kozır” kimi istifadə edəcəklər. Amma nəzərə alaq ki, bu dəfə də İŞİD rəhbəri Əl-Bağdadi məsuliyyəti öz üzərinə götürüb. Hətta bundan sonra Avropanın digər şəhərlərində, eləcə də Rusiyada da analoji aktları həyata keçirəcəklərini açıqlayıb. Belə olan halda, dövləti ittiham etmək üçün heç bir əsas qalmır.
- Artıq yeni dünya müharibəsinin astanasında olmağımızla bağlı fikirlər formalaşır. Belə yanaşmaları bölüşürsünüzmü?
- Bir çox ekspertlər hesab edirlər ki, əslində, terrorla mübarizə dördüncü dünya müharibəsidir. İkisi məlum məsələdir, üçüncü “Soyuq müharibə”, dördüncü isə terrora qarşı müharibədir. Bu gün ümumi durum o qədər də ürəkaçan deyil. Beynəlxalq hüquq işləmədiyindən, nüvə müharibəsi də baş verə bilər. Dünyada vəziyyət heç bir zaman indiki qədər təhlükəli olmayıb. Bu gün iki nəhəng nüvə dövləti var - biri ABŞ, digəri isə Rusiyadır. İmzalanmış bütün müqavilələr hüquqi qüvvəsini itirib. Heç bir sənəd yoxdur ki, bu iki dövlət arasındakı nüvə müharibəsinin qarşısını alsın. Onu da nəzərə alaq ki, nüvə silahı hazırlamaq istəyən dövlətlərin sayı çoxalıb. Nüvə silahı terrorçuların əlinə düşərsə, bu, dünya üçün çox ciddi bir təhdid olar. Hadisələrin gedişatı onu göstərir ki, beynəlxalq terrorizmə qarşı ümumi müharibə elan edilməsə, bütün dünya dövlətləri əl-ələ verib bu bəlaya qarşı müharibə aparmasa, onda vəziyyət bir qədər də pisləşəcək. Təsəvvür edin ki, özünü dövlət elan etmiş İŞİD- terorçu qruplaşması Suriya ərazisinin 50 faizinə, İraqın isə 40 faizinə nəzarət edir. Faktiki olaraq, terrorçu təşkilat İŞİD iki dövlətin 90 faiz ərazisinə rəhbərlik etmək iddiasındadır. Bu, çox təhlükəli tendensiyadır. Müasir dünya ölkələri birləşib koordinasiya olunmuş, əlaqələndirilmiş şəkildə, yaxşı və pis terrorçu demədən onlarla mübarizə aparmalıdır. Yox, əgər geosiyasi maraqlar önə keçsə, “Əl-Qaidə pisdir, Taliban pisdir, İŞİD pisdir, amma Daşnaqsityun, ASALA terror təşkilatı yaxşıdır” deyilsə, terrorizmə qalib gəlmək mümkün olmayacaq. İnsanın təhlükəsizliyi hər şeydən üstündür. Onun mövcudluğu təhlükə altındadırsa, sadaladıqları rifahı, inkişafı neynirik? Fransa ABŞ-la birgə İŞİD-ə qarşı mübarizə aparırdı. Amma belə çıxır ki, bir çox hallarda, onlar İŞİD-ə qarşı mübarizədə imitasiya ilə məşğul olublar. Reallıqda İŞİD-ə qarşı heç bir zərbə endirməyiblər. 2015-ci ilin sentyabrın 28-də Vladimir Putin BMT Baş Məclisinin 70-ci sessiyasında çıxış etdi və İŞİD-ə qarşı mübarizəyə bütün dövlətləri dəvət etdi. Sentyabrın 30-da isə birtərəfli qaydada, Bəşər Əsədin xahişi ilə İŞİD-in mövqelərinə zərbə endirməyə başladı. Bu hadisəyə birmənalı yanaşma olmadı. Rusiyanı ittiham etdilər ki, o, İŞİD-ə qarşı mübarizə adı altında əsas müxalifəti bombalayır. Yəqin ki, Paris hadisələrindən sonra Fransa İŞİD-ə qarşı daha ciddi şəkildə mübarizə aparacaq. İstisna deyil ki, yeni reallıqda Qərblə Rusiya arasındakı münasibətlərin bərpası üçün münbit şərait yarana bilər. Yaranacağını demək çox çətindir. Amma bunun üçün şərait var. Onun uzunmüddətli olacağına böyük inam yoxdur.
- Bəs belə gedişat bizim regiona nə vəd edir?
- Təbii ki, belə proses bizim region üçün də təsirsiz olmur. Çünki Cənubi Qafqaz çox mürəkkəb regiondur. Mürəkkəbliyi ondadır ki, biz çox təlatümlü, barıt çəlləyi hesab olunan Yaxın Şərqin qonşuluğundayıq. Üç dövlətin üçü də Türkiyə ilə həmsərhəddir. Azərbaycanla Ermənistan həm də İranla həmsərhəddir. Biz terrorizm təhlükəsinin son dərəcə real olduğu Mərkəzi Asiyaya da yaxınıq. Bu region da İŞİD-in əsas hədəfləri sırasındadır. Cənubi Qafqaz regionu Avropa İttifaqı ilə də yaxındır. Hadisələr isə Fransada baş verdi. Deməli, proseslər bizdən elə də uzaqda cərəyan eləmir. Eyni zamanda, Azərbaycan Rusiyanın da qonşusudur ki, İŞİD buranı da hədələyir. Rusiya İŞİD-i Suriyada bombaladıqdan sonra əsas hədəfə çevrilib. Bütün bunlar Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı məsələləri bir daha qabardır. Bu regionun bir dövləti - Ermənistan terrorizmi dövlət siyasəti səviyyəsinə qaldırıb. Onlar faktiki olaraq, İŞİD-in müttəfiqi kimi çıxış edirlər. Terror təşkilatları ona görə güclüdürlər ki, onlar əlaqələndirilmiş, koordinasiya olunmuş şəkildə fəaliyyət göstərirlər. Bu, Ermənistanla İŞİD-in yaxın əlaqələrinin olmasına dəlalət edir. Bütün bunlar dünya dövlətlərini düşünməyə vadar etməli, konkret addımlar atmağa sövq etməlidir. İŞİD-i düşmən elan edib onunla sıx münasibətdə olan Ermənistanı dost elan etmək dünyanı ümumi bəlaya yuvarladar, terrorla mübarizəni nəticəsiz edər. Ona görə də lider dövlətlər bu məsələni bir daha düşünməlidirlər.