"İş adamlarından yeganə tələbim ondan ibarətdir ki,..." İlham Əliyev


“Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Bizim qarşımızda duran bütün vəzifələr vaxtında və uğurla icra edilir. Azərbaycan xarici investisiyalar üçün açıq ölkədir. Müstəqillik dövründə ölkəmizə 200 milyard dollardan çox sərmayə qoyulub. Təkcə keçən il 27 milyard dollar investisiya yatırılıb. Bu, onu göstərir ki, həm xarici, həm də yerli investorlar ölkəmizə, onun gələcəyinə inanırlar”. 

Bu sözləri ötən gün Bakıda keçirilən Azərbaycan-Vyetnam biznes forumunda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı Azərbaycanda çox gözəl investisiya mühitinin olduğunu bildirərək, xarici və yerli sərmayələrin dövlət tərəfindən qorunduğunu qeyd edib: “Əgər belə olmasaydı, Azərbaycana bu qədər sərmayə yatırılmazdı. Biz sərmayə qoyuluşunda da dinamikanı görürük. Son vaxtlar daha çox yerli sərmayə qoyulur. Qoyulan ümumi vəsaitin təxminən 70 faizi daxili vəsaitdir. Bu, onu göstərir ki, Azərbaycan iqtisadiyyatı yüksək templərini saxlayır”.

Prezident İlham Əliyev Azərbaycanda xarici investisiyaların qorunması işində ən qabaqcıl təcrübənin tətbiq edildiyini vurğulayıb.

“Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Əlbəttə ki, neft-qaz sektoru bizim iqtisadi inkişafımız üçün birinci mərhələdə həlledici rol oynayıb. Ancaq hazırda ümumi daxili məhsulumuzun təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır. Bu da onu göstərir ki, iqtisadi şaxələndirmə artıq Azərbaycanda reallıqdır”, deyə prezident bildirib.

Dövlət başçısı müstəqillik dövründə Azərbaycanın böyük və şərəfli yol keçdiyini qeyd edib: “Bu gün biz iqtisadi müstəqilliyimizi, enerji təhlükəsizliyimizi tam şəkildə təmin etmişik. Bölgədə nəqliyyat təhlükəsizliyi məsələləri də Azərbaycanın iştirakı ilə öz həllini tapır. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi nəticəsində Azərbaycan Avropa ilə Asiya arasında çox önəmli bir nəqliyyat mərkəzinə çevriləcək və beləliklə, burada yeni imkanlar yaranacaq”.

“Müstəqillik dövründə biz ancaq öz gücümüzə güvənmişik və ona görə bizim xarici borcumuz da çox aşağı səviyyədədir. Bu, dünya miqyasında bəlkə ən aşağı səviyyələrdən biridir. Xarici borc ümumi daxili məhsulumuzun təqribən 10 faizini təşkil edir. Yəni, bu, onu göstərir ki, biz çoxlu borclar almamışıq, öz gücümüzə güvənmişik və buna görə də bu gün iqtisadi müstəqilliyə tam şəkildə nail olmuşuq. Xarici maliyyə qurumlarından asılı deyilik, baxmayaraq ki, biz xarici maliyyə qurumları ilə də fəal işləyirik”, deyə prezident İlham Əliyev qeyd edib.

Azərbaycan prezidenti bu ayın əvvəlində Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının İllik Toplantısının keçirildiyini xatırladaq, tədbirə üç mindən çox qonağın qatıldığını vurğulayıb: “Belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi Asiya iqtisadi qurumlarının, hökumətlərinin Azərbaycana olan münasibətini, inamını əks etdirir. Eyni zamanda, Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə də sıx əlaqələr qurub. Yəni, beynəlxalq maliyyə qurumları da Azərbaycanda gedən islahatları yüksək qiymətləndirir. Biz onların imkanlarından faydalanırıq, amma daha çox öz daxili resurslarımıza arxalanırıq. Bu, ən düzgün seçimdir. Bu seçim bizə imkan verib ki, biz bu gün iqtisadi inkişafımızı çoxşaxəli formatda təşkil edirik.

Azərbaycan hökumətinin gələcək planlarımızla bağlı kifayət qədər geniş və məzmunlu yanaşması var. Biz ölkəmizin inkişafı üçün gələcəkdə əlavə tədbirlər görəcəyik. İqtisadi inkişafımız dayanıqlı, çoxşaxəli olacaq və beləliklə, insanların rifah halı yaxşılaşacaq”.

Azərbaycanda biznes mühitinin çox müsbət olduğunu bildirən dövlət başçısı Azərbaycan dövlətinin özəl sektoru dəstəklədiyini qeyd edib: “Mən Azərbaycanın iş adamları ilə mütəmadi qaydada görüşlər keçirirəm, onlara siyasi dəstəyimi verirəm. İş adamlarından yeganə tələbim ondan ibarətdir ki, onlar öz işini qanun çərçivəsində təşkil etsinlər. Belə olan halda heç kimin problemi olmayacaq. Azərbaycanda hüquqi dövlət qurulur və bütün məsələlər öz həllini qanun çərçivəsində tapmalıdır”.(APA)

Aktual.az

Xəbər 3076 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR