“Bizim bütün iqtisadi və maliyyə sistemimiz şəffaflaşdırılmalıdır. Bank sektoru inkişaf etməlidir. Biznes mühiti daha da yaxşılaşdırılmalıdır. İş adamlarına daha da yaxşı şərait yaradılmalıdır. Bütün bürokratik əngəllər aradan qaldırılmalıdır”.
Aktual.az Azərtac-a istinadən xəbər verir ki, bu tapşırıqları Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə səsləndirib.
Dövlət başçısı qeyd edib ki, son illər bütövlükdə iqtisadi sahədə aparılan siyasət özünü doğruldur. Azərbaycan son 10 il ərzində dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir:
“Azərbaycanda düşünülmüş siyasət, iqtisadi islahatlar aparılır. İnsanların vətənpərvərlik hissi yüksək səviyyədədir. Xalqla iqtidar birliyi möhkəmdir. Bax, budur uğurlarımızın əsas amilləri. Dövlət, hökumət, vətəndaşlar bir yerdə olaraq bu gözlənilməz vəziyyətdən çıxış yollarını müəyyən etməlidirlər. Dövlətin bu istiqamətdə çox ciddi proqramı vardır. Əminəm ki, belə olan halda 2016-cı ildə Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problem olmayacaq. Qarşıda duran bütün sosial və iqtisadi vəzifələr icra ediləcək. Əminəm ki, belə də olacaq”.
İlham Əliyev sahibkarlara müraciət də edib:
“Tikinti ilə bağlı heç bir süni əngəl olmamalıdır. İş adamlarına da müraciət edirəm, əgər sizdən kimsə qanunsuz nə isə tələb edəcəksə birbaşa məlumat verin və o qanunsuz əməlləri törətmək istəyənlər ciddi şəkildə cəzalandırılacaqlar”.
Dövlət başçısı tikintilərlə bağlı hesabatlara diqqət edəcəyini də vurğulayıb:
“Mənə mütəmadi qaydada məlumat verilməlidir ki, hər rüb nə qədər tikinti layihəsi icra edilir, harada və bunun əmək bazarına olan təsiri nədən ibarətdir?! Burada, əlbəttə ki, biz ilk növbədə iş adamlarının fəaliyyətini gözləyirik. Eyni zamanda, ipoteka xətti ilə böyük tikinti layihələri icra edilə bilər. Əfsuslar olsun ki, bizdə bu sektorda durğunluq müşahidə olunur. Mən ipoteka ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm, o cümlədən Nazirlər Kabinetinin toplantılarında. Ancaq bu proses hələ ki kütləvi xarakter almayıb. Bunu dərhal başlamaq, yəni, davam etdirmək lazımdır. Təxirəsalınmaz tədbirlər görülməlidir. Bu tədbirlər haqqında mənə məlumat verilməlidir. Biz nə etməliyik ki, ipoteka xətti ilə tikiləcək bu binaların inşasını sürətləndirək?!”
Aktual.az